Şamaxıda bir nəfər su quyusuna düşüb – FOTO/VİDEO

20:40 13-09-2021 11

Şamaxı rayonu, Muğanlı kəndində bir nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dərinliyi təqribən, 8 metr olan su quyusuna düşmüş 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlunun üzərinə çay daşları ilə hörülmüş quyunun divarının bir hissəsi tökülməklə vətəndaşın həyatı üçün təhlükəli vəziyyət yaranıb.

Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi vasitələrlə İ.Bədəlovu quyudan çıxararaq həyatını xilas ediblər. Vətəndaş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.