Şamaxıda su quyusuna düşən kişini xilas edildi - VİDEO

17:25 13-09-2021 10

13 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Muğanlı kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 FHN-in verdiyi xəbərə görə, məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dərinliyi təqribən, 8 metr olan su quyusuna düşmüş 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlunun üzərinə çay daşları ilə hörülmüş quyunun divarının bir hissəsi tökülməklə vətəndaşın həyatı üçün təhlükəli vəziyyət yaranıb. Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi vasitələrlə İ. Bədəlovu quyudan çıxararaq həyatını xilas ediblər.

Vətəndaş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.