Kredit faizlərinə təsir edəcək qərarla bağlı AÇIQLAMA

15:35 13-09-2021 10

Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrləri barədə sonuncu dəfə 30 iyul 2021-ci il tarixində qərar qəbul edib və bildirilib ki, növbəti qərar sentyabr ayının 17-də ictimaiyyətə açıqlanacaq.

milletinsesi.info-ın məlumatına görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya riskləri, bazar iştirakçılarının qiymətqoyma davranışları, inflyasiya gözləntiləri, məcmu tələbin artım tempi nəzərə alınmaqla qəbul ediləcək.

Ölkədə inflyasiya səviyyəsinə əsasən, 2021-ci ilin səkkiz ayı ərzində istehlak bazarında qiymətlər 4,8 faiz artıb. Bu dövrdə istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-avqust aylarına nisbətən 104,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4 faiz, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,2 faiz təşkil edib.

Maliyyə sektoruna nəzərə saldıqda isə 2021-ci ilin 1 avqust tarixinə Azərbaycanda bankların cəmi aktivlərinin həcminin illik müqayisədə 10,4 faiz, bankların cəmi öhdəliklərinin 11,8 faiz artığını, kredit portfelinin ümumi həcminin illik müqayisədə 5,4 faiz çox olduğunu, həmçinin kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcminin isə 10,6 faiz artığını müşahidə edirik.

Bu dövrdə banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi də 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfəyə qədər artıb. Eləcə də, ölkədə sığorta bazarı da 11,7 faiz böyüyüb. Həmçinin sığorta ödənişlərinin də həcmi əhəmiyyətli dərəcədə artıb.

Növbəti dövrdə bankların kredit siyasətinə təsir edən əsas amillərdən biri olan - faiz dəhlizinin parametrləri ilə bağlı qərarla əlaqədar gözləntiləri milletinsesi.info-a şərh edən iqtisadçı Ruslan Atakişiyev bildirib ki, hazırda bankların mövcud kapitalı iqtisadiyyata yönləndirməsində müəyyən problemlər mövcuddur.

Onun sözlərinə görə, bir sıra banklarda böyük həcmdə kapital mövcud olsa da, onlar öz kapitallarını tam şəkildə iqtisadiyyata yerləşdirməkdə çətinlik çəkirlər:

“Faiz dəhlizi ilə bağlı qərarlar verilərkən iqtisadiyyatda, xüsusilə də bank sektorunda kapitallaşmanın və digər investisiya, maliyyə institutlarının əhalidən əmanətlərin cəlbi vasitəsilə həyata keçirdiyi əməliyyatlar, o cümlədən iqtisadiyyatda kapital axının böyüməsi və bununla da pul-kapital təminatının genişləndirilməsi məsələləri nəzərə alınır.

Hazırda banklarda mövcud olan kapitallaşma və kapitalın iqtisadiyyata yönləndirilməsində müəyyən problemlər mövcuddur. Bir sıra banklar öz kapitallarını tam şəkildə iqtisadiyyata yerləşdirməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, bu baxımdan sadalanan problemlər özü də faiz dəhlizi ilə bağlı qərara təsir edəcək.

Lakin nəzərə almaq lazımdır ki, faiz dəhlizi ilə bağlı qərarlar qəbul edilərkən tam şəkildə bazar tendensiyaları nəzərə alınmaya bilir”.

Xatırladaq ki, 30 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Uçot dərəcəsi 6,25 faiz, dəhlizin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlanılıb.

Uçot dərəcəsinə dair qərar inflyasiyanın mövcud dinamikası, ötən iclasdan bəri inflyasiyanın risklər balansında baş vermiş dəyişikliklər, inflyasiyanın ortamüddətli proqnozu və gözləntiləri nəzərə alınmaqla verilib.

Əsasən xərc amillərinin birbaşa və dolayı təsiri nəzərə alınmaqla iyulda 2021-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Cari ildə illik inflyasiyanın elan edilmiş hədəf diapazonunun (4±2 faiz) yuxarı həddinə yaxınlaşacağı proqnozlaşdırılıb.

Nigar Məmmədova