Bu ilin səkkiz ayında əlillik təyinatı aparılan şəxslərin sayı AÇIQLANDI

14:45 13-09-2021 11

Əlilliyi olan 8,5 min şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib, 4,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Bu barədə milletinsesi.info-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib.

Onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanlarına məhdudluq təyin olunanlardır. Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə pensiya və ya müavinətlər təyin olunub.

Bu ilin səkkiz ayında həmçinin əlilliyi olan 8,5 min şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb.

Yanvar-avqust aylarında agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib.