Manatın dəyəri niyə sabit saxlanılır?

13:45 13-09-2021 13

Pərviz Heydərov yazır ...

Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasından görünən həm də budur ki, manatın ABŞ dollarına nəzərən dəyəri mümkün dərəcədə sabit, yəni 1 dollar = 1.70 azn səviyyəsində saxlanacaq. 

Belə ki, makroiqtisadi sabitliyi qorumaq məqsədilə fiskal və monetar siyasətlərin daha da güclü əlaqələndirilməsi nəticəsində milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağı deyilir. 
Əlbəttə, milli valyutanın dəyərini qorumaq, başqa sözlə desək, nəzarətdə saxlamaq vacib sayılır. Ancaq iş ondadır ki, bu, normal bazar mexanizmi əsasında çalışan bir iqtisadi sistem şəraitində eyni nöqtədə və yaxud məzənnədə donub qalmağı ehtiva etmir və etməli də deyil... 

Söhbət nədən gedir, izah edək!

Xatırladım ki, uzun illər ərzində ölkəmizdə milli valyutamız olan manatın dəyəri 1 dollar = 0.78 azn səviyyəsində olub. Daha dəqiq desəm, qorunub saxlanıb. Hansı ki, indi həmin illər hamımız tərəfindən çox gözəl, yəni alış-verişin rahat və geniş xarakter daşıdığı, dolanışığın indikindən daha yaxşı olduğu, gəlirlərin xərclərdən üstün, sadə dillə desəm, pulun dəyərli olduğu vaxt kimi yada salınır. 
Halbuki, 2015-ci ilədək davam edən həmin məzənnə siyasətinin hökm sürdüyü dövr ərzində ölkədə qeyri-neft sektorunun inkişafı əslində ləngidi və bu sahədə artım buxova salınaraq, bütövlükdə iqtisadi inkişaf birtərəfli xarakter daşıdı.

Ancaq yalnız, 2014-cü ilin yayından etibarən neftin dünya bazar qiymətlərinin mərhələli olaraq düşməsi nəticəsində 2015-2016-cı illərdəki böhran zamanı aydın oldu ki, iqtisadiyyatda qeyri-neft sektorunun inkişafında gecikmişik. Və odur ki, dərhal müvafiq tədbirlər görülməyə və addımlar atılmağa başlandı. 

Nəticədə də, iqtisadiyyatın inkişafında əsas hərəkətverici qüvvənin neft-qaz sektorundan qeyri neft-qaz sektoruna transformasiyası daha əyani şəkildə məhz bundan sonra təşəkkül tapdı.

Təsadüfi deyildi, 2015-ci ildəki iki devalvasiyadan və 2016-cı ildə də təqribən 14-15 faiz dəyər itirdikdən sonra manat da ABŞ dollarına nəzərən 2017-ci ildən etibarən 1,70 azn səviyyəsində qərarlaşdı. Buna qədər isə o, bir ara hətta 2 manata qədər ucuzlaşmışdı.

Neftin qiymətinin sabitləşməsi, dünya bazar konyukturasının əlverişli istiqamətə dönüşü nəticəsində, hökumət üçün manat üzərində nəzarəti bərpa etmək şansı yarandı ki, məzənnə 1,70 azn həddinədək endirildi və bu nöqtədə saxlandı. Çünki həmin ərəfədə dövlət başçısı İlham Əliyev də bəyan etdi ki, manat avro ilə ABŞ dollarına nəzərən əslində yuxarı deyil, aşağı məzənnədə saxlanmalıdır. O səbəbdən ki, bu, ixracı stimullaşdırmaq məqsədinə xidmət edir.

Yəni, demək istədiyimiz budur ki, əvvəlki situasiya bərpa olunsa da manat dollara münasibətdə sonradan bahalaşdırılmadı. Və təkrar edirik ki, 2017-ci ildən etibarən 1,70 azn nöqtəsində qərarlaşdı. Söhbət, neftin dünya bazar qiymətlərinin bərpasından gedir. Çünki manatı bahalı edən məhz bu faktor idi. 

Sual olunur ki, niyə?  Bu, qeyri-neft sektorunun inkişafını buxova alır, ikincisi də, ölkə üzrə hasilat nöqteyi-nəzərindən neft bumu da artıq, arxada qalmış sayılırdı. Odur ki, 1 dollar = 0.78 azn birdəfəlik olaraq tarixə çevrildi ki, əslində bu, çoxdan baş verməli idi...

Ancaq iş ondadır ki, məzənnə artıq, beşinci ildir eyni nöqtədə saxlandığından indi də belə təəssürat yaranır ki, sanki növbəti dəfə səhvə yol verilir və qeyri-düzgün siyasət yürüdülür. Belə ki, real olaraq dollar manatdan baha olsa da, məzənnə möhkəm xarakter daşıyır. Və bu da, ixracı stimullaşdırmaq dərəcəsi və təsirini azaldır.

Odur ki, sual yaranır: bəs manatın dəyəri niyə buraxılmır? Nəyə görə, qarşıdakı illər ərzində də məzənnəni sabit saxlamaq nəzərdə tutulur? Gələcəkdə görəsən, 1 dollar = 1.70 azn məzənnəsinə görə də qeyri-neft sektorunun ləng inkişaf etdiyinə təəssüf edəcəyik?

Yox! Məsələ bundadır ki, bu gün vəziyyət bir qədər başqadır. Ölkədən qeyri-neft sektoru məhsullarının ixracı artmaqdadır. Cari ilin ilk səkkiz ayında 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib ki, bu da, keçən ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur. Qeyd olunan tendensiya qeyri-neft sektorunun genişlənməsində əsas faktor sayılmaqla onun inkişafını sürətləndirir.

Həmçinin, Maliyyə Nazirliyinin girişdə qeyd etdiyimiz açıqlamasında xarici ticarətdə ixrac strukturunun dərin diversifikasiyası, qeyri-neft məhsulları ixracının ümumi ixracda əsas tərkib hissəsi olması, çatılması vacib sayılan əsas məqsəd kimi qarşıya qoyulub. Qeyd olunub ki, 2022-ci il və ortamüddətli dövr ərzində məqsədyönlü tədbirlər nəticəsində rəqabətqabiliyyətli ixracın artması, əlverişli biznes mühitinin inkişaf etməsi və əlavə dəyərli məhsulların istehsalı 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmaq üçün əsas vasitə sayılır.

Bununla belə, qeyd edək ki, bu gün dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda hələ də böyük inflyasiya və devalvasiya təhlükəsi yaratmağa qadirdir. Qeyd edək ki, sonuncu dəfə 2015-ci ildə bunun yaratdığı dumandan növbəti dəfə keçdik.

Hazırda ixracımızın 90 faizdən yuxarı hissəsini neft-qaz məhsulları təşkil edir. Bəli, qeyri-neft məhsulları ixracı getdikcə artır. Lakin qeyri-neft ixracı gərək ümumi ixracın 40-45 faizi həddinə çatsın ki, ölkə iqtisadiyyatı dünya neft bazarındakı şoklardan da sığortalana bilsin. 

Ancaq çətin ki, 2025-ci ilədək Azərbaycanın qeyri-neft ixracı ölkədəki makroiqtisadi sabitliyə təminat verəcək həddə çatsın. Odur ki, manatın da dəyəri belə görünür, bundan sonra hələ bir müddət də möhkəm saxlanmağa məhkumdur.