Alimlər Veneraya baxıb Yeri öyrənəcəklər - FOTO

05:00 23-07-2021 11

Tokio Universitetinin alimləri ilk dəfə Venerada gecə vaxtı hava dəyişikliyini müşahidə edə bildilər.

Bu barədə “Nature” xəbər verib

Bildirilir ki, tədqiqat zamanı “Venus Climate Orbiter Akatsuki” zondundan alınan infraqırmızı şəkillərdən istifadə edilib.

Veneranın sıx buludlarla tamamilə örtülü olduğu bilinir. Onların altında nə baş verdiyini anlamaq üçün Tokio Universitetinin nümayəndələri infraqırmızı işığın dalğa boylarında buludların gecə-gündüz hərəkətini izləyiblər.

Əvvəlki araşdırmalar Venerada super dövriyyə baş verdiyini göstərib. Bu, Yer üzündə olmayan bir fenomendir. Planetin bütün meteoroloji sistemi ekvatorda şərqdən qərbə doğru fırlanır. Atmosfer cərəyanlarının gücü və hərəkət sürəti Yer kürəsində baş verən ən şiddətli fırtınaları üstələyir.

Yeni elmi iş əvvəllər bilinməyən bir həqiqəti ortaya qoydu. Məlum olub ki, Venerada qaranlıq vaxtı küləklər əks istiqamətdə hərəkət etməyə başlayır: Gündüzlər qütbə, qaranlıqda isə ekvatora yönəlirlər.

“Belə bir dramatik dəyişikliyin əhəmiyyətli nəticələri olmalıdır”, - deyə müəlliflər vurğulayırlar.

Alimlər bu fenomenin super dövriyəni gücləndirə biləcəyinə inanırlar. Yeni məlumatlar Venera havasının daha dəqiq modellərinə imkan verəcək.

Müəlliflərin fikrincə, infraqırmızı cihazlardan istifadə edərək havanın öyrənilməsi metodu digər planetlərə, məsələn, Marsa və ya qaz nəhənglərinə tətbiq oluna bilər.

Bu həm də yerdəki hava hadisələrini öyrənmək üçün faydalı olacaq.