Nikahdan kənar intim həyat yaşamaq olmaz, amma…

16:25 22-07-2021 9

Kubra Məhərrəmova yazır ... 

İllərlə övlad yolu gözləyənlər var. Olanı var, olmayanı var. Bir də bu dünyaya “atılmış uşaq” adıyla gələnlər var. 

Bizim cəmiyyətin problemi çoxdur. Amma ən böyük problem riyakarlıqdır. Bütün dərd-sərimiz də elə bundan başlayır.

O məşhur lətifəni yadınıza salıram.

Bir gün molla deyir: Ay camaat qızlarınıza fikir verin, qısa geyinirlər, döymə döydürürlər. Sərbəst həyat tərzi sürürlər. Qoymayın. 

Dinləyəndən biri səslənir: Ay molla, sənin qızın da heç geri qalmır. 

Molla: Adamın başının üstündə Allah var. Mənim qızıma yaraşır.

İndi bizdə də, rüşvət pisdir, amma yaxşı məbləğdirsə götürmək olar. Oğurluq eləmək olmaz, amma heç kim görmürsə olar. Namus-qeyrət göylə gedir, amma öz məclisimizdə olar. Nikahdan kənar intim həyat yaşamaq olmaz, amma… Yəni Avropanın ikili standartı bizim yanımızda iclasa gedəsidir. 

Bir də bizim cəmiyyətdə ən böyük günah nikahdan kənar övlad dünyaya gətirmək hesab olunur. El içində çox alçaldıcı ifadəsi də var “bicbala”. Bu ifadə bir insana qarşı cəmiyyətin bu qədər nifrət püskürməyin bariz nümunəsidir.

Axı hamı Molla əmidir. Get ətəyində namaz qıl.

Amma bu məsələdə də bir əmma var. Nikahdan kənar uşaq dünyaya gətirmək olar, bir şərtlə ki, uşağın atası varlı və nüfuzludursa. Çünki bu ata alçaq xislətli adamları yox edə bilər. Ona görə də müəllimi məhəllənin bu başında görəndə, o başından qaçıb gəlirlər salam verməyə. Görüm kimin cürəti çatar müəllimin uşağı həyətə düşəndə ona “bicbala” desin. Heç kimin. Asfalta basdırar müəllim bu sözə görə.

Deməli yenə də molla əminin sözü, mənim qızıma yaraşır, səninkinə yox. 

Son günlər zibil yeşiklərinə atılan körpələr haqqında xəbər alırıq. Bu yeni doğulmuş körpələri niyə zibil yeşiyinə atırlar? Hansı ağlın məhsuludur bu? Bu zibil deyil axı, balaca, köməksiz candır… Özü də sənin öz canının bir hissəsi. Hər dəfə belə foto, videoları görəndə insan vəhşiliyinin sonunun olmadığını anlayıram. 

Əminəm ki, yeni doğulan körpələrin küçəyə atılmasının bir əsas səbəbi var. O da uşağın nikahdan kənar doğulmasıdır. Qadının ailəsi tərəfindən edilən təzyiq çox zaman onları uşaqdan imtina etməyə məcbur edir.

Əgər qeyri-qanuni doğulacaq uşağa sahib çıxa bilməyəcəksə, insan 9 ay körpəni niyə ürəyinin altında daşısınki? Niyə onu dünyaya gətirsinki?

Yaxşı. Dünyaya gətirir və ondan imtina edir. Niyə zibil qutusuna atsın axı?

Mənim üçün bu dünyanın ən böyük cinayətidir. Köməksiz bir canı taleyin ümüdünə atmaq.

Bapbalaca əlləri, ayaqları vəhşi küçə heyvanlara yem eləmək. Bəzən küçə heyvanları körpənin ata-anasından daha mərhəmətli olur. Körpələri soyuq havalarda öz bədənləri ilə qızdırır, insanları köməyə çağırırlar. “Analar” isə gözünü qırpmadan balaca körpəni lazımsız əşya kimi tullayır. İnsan vəhşiliyinin son həddi budur məncə.

Biz heç bilmirik ki, zibil yeşiklərinə atılan körpələrin neçəsi sağ çıxıb. Belə bir statistikamız yoxdur. Ancaq sağ tapılanlar barədə danışa bilirik. 

Nə qədər qəddar səslənsə də, deyəcəyəm. Bu gün atılan körpələrin günahına biz də giririk. Cəmiyyət olaraq burnumuzu onun-bunun işinə az salsaq xeyli yaxşı olar. Hər kəs öz həyatını istədiyi kimi yaşamalıdır, təbii ki, qanun çərçivəsində. 

İkincisi övladını tək böyütməyə qərar vermiş analar üçün xüsusi sosial dəstək proqramı olmalıdır. İş, yaşamağa yer, uşağın baxça və s. təminatı. 

Bununla biz uşaq evinə atılan uşaqların sayını azalda bilərik. Bu uşaqlar üçün xüsusi proqramlar olmalıdır. Xüsusi psixoloji dəstək yaradılmalıdır. Çünki hər nə qədər qışqırsaq da, hardansa bir axmaq çıxıb deyəcək ki, sən “bicbalasan”. Bəlkə də, elə bu sözü deyənin özünün atası bəlli deyil. Amma məsələ ondadır ki, onsuz da cəmiyyət tərəfindən birmənalı qəbul olmayan bu uşaqlar həssas qrup kimi himayə olunmalıdır. Onlara qarşı yönələn aqressiya bir çönüb əksini tapacaq. Bu isə ən qorxulu sonluqla bitə bilər. 

Biz hər bir uşağa yiyə durmalıyıq. Hamısı bizim balalardır.

Allah o körpələri zibil yeşiyinə atan ana-atalara da ağıl versin. Başqa heç nə.