“Müharibənin acısını çəkənlər” adlı layihə təqdim edilib - VİDEO

17:50 21-07-2021 9

Ötən ilin 27 sentyabr tarixində başlayan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Bu müharibədə hər kəs kimi kütləvi informasiya vasitələrinin əməkdaşları da mübarizə apardı. Bir qisim media nümayəndəsi cəbhəyanı bölgələrdə fəaliyyət göstərdi. Onların yalnız bir məqsədi var idi: hadisə yerlərindən operativ məlumatlar çatdırmaqla ictimaiyyəti maarifləndirmək.

Vətən müharibəsində Azərbaycan media nümayəndələri həyatlarını təhlükə qarşısında qoyaraq cəbhə bölgələrindən top və mərmi atəşləri altında cəbhə xəbərlərini çatdırırdılar. Müzəffər ordumuzun əsgərləri qədər kütləvi informasiya nümayəndələri də tarixi qələbəmizi, böyük zəfərimizi qazanmaqda iştirak ediblər.

KİV nümayəndələrinin bu cür qəhrəmanlığını, işinə olan sevgisini nəzərə alaraq Gilavar Foto Klubu “Müharibənin acısını çəkənlər” adlı layihə həyata keçirib.

milletinsesi.info xəbər verir ki, layihənin rəhbəri, klubun həmsədri Rəşad Mehdiyevin sözlərinə görə, bu dəfə foto klub tərəfindən fərqli formatda bir iş təqdim olunub:

“Ümumiyyətlə bu layihənin hazırlanmasında məqsəd 44 günlük Vətən müharibəsi zamanı çətinlikləri və həyatı üçün təhlükə riskini göz önünə alaraq peşə fəaliyyətini davam etdirən, həmçinin qələmini, kamerasını silaha dəyişərək döyüşlərdə iştirak edən media nümayənlərini cəmiyyətə tanıtdırmaq, bu insanların zəhmətinə cüzi də olsa, dəyər və dəstək verməkdir. Bu səbəbdən qərara gəldik ki, bununla bağlı bir layihə edək. Layihənin ideya müəllifi, klubun həmsədri Dilavər Nəcəfovdur.

Təxminən 20 dəqiqəlik videoçarxda 208 şəxs haqqında məlumat verilir. Burada onların ad və soyadları, vəzifələri, çalışdığı media qurumu, orden və medalları barədə məlumatlar yer alır. Apardığımız araşdırma və sorğular nəticəsində məlum olub ki, 79 jurnalist, 21 fotoqraf və 62 operator Vətən müharibəsini qaynar nöqtələrdən işıqlandırıb. Bundan əlavə ümumilikdə 46 nəfər jurnalist, operator, texniki işçi və mətbuat katibi döyüşlərdə iştirak edib. Təəssüflər olsun ki, onlardan üçü qazi, bir nəfər döyüş meydanında, bir nəfər isə müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub”.

Layihədə nümayiş olunan foto və video materiallar Vətən müharibəsi zamanı fotoqraflar və operatorlar tərəfindən çəkilən kadrlardır. Videoçarxda kadrarxası mətnləri səsləndirənlər isə televiziya müxbirləridir.

Qeyd edək ki, bundan öncə də Gilavar Foto Klubu pandemiya dönəmində çalışan KİV nümayəndələri üçün layihələr həyata keçirib. Klubun həmsədri, fotoqraf Rəşad Mehdiyev tərəfindən “Koronavirus” və “Koronavirus 2” adlı iki virtual foto sərgi hazırlanıb.