Yaponlar azərbaycanlı idmançının Qarabağ müharibəsində iştirak etməsindən yazdı - VİDEO

20:45 11-06-2021 19

Yaponiyanın “Rizin” təşkilatının saytı azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin Vətən Müharibəsi zamanı cəbhədə olmasından yazıb.

milletinsesi.info xəbər verir ki, yazıda Tofiq Musayev və Vüqar Kərəmovun iyunun 13-də “Rizin-28” turniri çərçivəsində döyüşləri barədə yazı dərc edilib.

Yazıda müharibə vaxtı leytenant olmuş Tofiqlə bağlı bunlar qeyd olunub: “2019-cu ildə yüngül çəkidə Qran Pri çempionu olduqdan sonra Musayev Azərbaycana qəhrəman kimi qayıtdı. Lakin o, daha sonra Azərbaycan və Ermənistan arasında hərbi münaqişədə döyüş meydanına getdi. Görəsən, çempionluq qazandıqdan bəri təxminən il yarım ərzində müxtəlif problem yaşayan Musayev yenidən Yaponiya rinqində nərildəyə biləcəkmi?”

Qeyd edək ki, Tofiq Musayev braziliyalı Roberto de Souza ilə “Rizin” kəməri üçün döyüşəcək. Vüqar Kərəmov isə yerli idmançı Yutaka Saito ilə görüşəcək.

Hər iki döyüş iyunun 13-ü səhər saatlarında “CBC Sport” telekanalı vasitəsilə canlı göstəriləcək.

Səbuhi Musayev