Xaric İşlər naziri Cama Abdullahi Mohamedini qəbul edib – FOTO

18:45 11-06-2021 11

2021-ci ilin 11 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedi qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Somali ilə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edərək, bu əməkdaşlığın həmçinin beynəlxalq platformalarda uğurla davam etdirildiyini vurğulayıb. Somalinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi məmnunluqla ifadə olunub.

Nazir, həmçinin qarşı tərəfə bölgədəki son hadisələr, işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyət, o cümlədən, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli törədilən geniş miqyaslı dağıntılar, mina təhlükəsi, eləcə də bu ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında ətraflı məlumat verib.

Səfir Cama Abdullahi Mohamedi ölkələrimiz arasında mövcud olan yaxın tarixi və mədəni əlaqələrə istinad edərək, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə hər zaman dəstək verdiyini qeyd etdi. Səfir Azərbaycan xalqını və dövlətini əldə olunmuş böyük Qələbə münasibətilə təbrik etdi.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə fikir mübadiləsi apardılar.