Gənclər vaksinasiya prosesində fəal iştirak edirlər - FOTO

15:25 11-06-2021 12

Yeni növ koronavirusun ölkəmizdə ilk dəfə qeydə alındığı zamandan etibarən onun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən ciddi tədbirlər həyata keçirilir.

Təəssüflər olsun ki, dünyanı bürüyən pandemiyanın tam olaraq aradan qaldırılmasına hələlik nail olunmayıb. Məhz buna görə də virusun geniş yayılmaması və yoluxmanı minimuma endirmək üçün müxtəlif vaxtlarda karantin, məhdudiyyətlər və qadağalar tətbiq olunur. Dövlətin məqsədyönlü tədbirləri nəticəsində bu gün Azərbaycanda COVİD-19 virusu ilə bağlı vəziyyət nəzarət altındadır. Hazırda ən səmərəli önləyici tədbirlərdən biri kimi əhalinin vaksinasiyası prosesi aparılır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında görülən tədbirlər nəticəsində ölkəmiz bu baxımdan dünyada öncüllər sırasındadır.

Paytaxtımızın və bölgələrin sakinləri olan gənclər vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq bu prosesdə xüsusi fəallıq nümayiş etdirirlər. Belə ki, ölkəmizdə könüllü peyvənd olunmanın minimum yaş həddi 18-ə endirildiyi gündən gənclər və idman idarələri, gənclər evləri, eləcə də Gənclərin Karyera və İnkişaf Mərkəzinin nümayəndəliklərinin əməkdaşları və könüllüləri vaksin vurdurmaqla həm özlərini və yaxınlarını qorumuş olur, həm də bununla ölkəmizdə pandemiyanın tam səngiməsinə dəstək göstərirlər.

Gənclər vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsinin dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirəcəyini anladıqları üçün əhali arasında peyvəndləmə prosesinin təbliği işində də fəal iştirak edirlər. Belə ki, Operativ Qərargahın müəyyən etdiyi qayda və tövsiyələrə uyğun olaraq gündəlik həyatın pandemiyadan öncəki tərzdə tezliklə bərpası üçün vaksinasiyanın vacibliyi insanların diqqətinə müntəzəm qaydada və kreativ tərzdə çatdırılır. Gənclər öz yaşıdlarını da tezliklə kütləvi əyləncəli tədbirləri birgə qeyd etmək imkanı əldə etmək üçün peyvənd olunmağa dəvət edirlər.