Bengü nazirliyin tövsiyəsinə əməl etmədi - VİDEO

03:50 11-06-2021 17

18 həftəlik hamilə olan türkiyəli müğənni Bengü koronavirusa qarşı peyvənd vurdurub. Bu vəziyyət Türkiyə Səhiyyə Nazirliyinin hamilə qadınlarla bağlı tövsiyələrini yenidən gündəmə gətirib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, səhiyyə qurumu mRNA peyvəndi (Virusun genetik kodunun bir hissəsi alınır və hüceyrələrə nüfuz etmək üçün yağ ilə örtülür) etmək istəyənlərə hamiləlik dövründə onun tətbiqinin nəticələri barədə tam məlumatlı olmadıqları barədə xəbərdarlıq edib.

“COVID-19-u ağır keçirmə riski olan hamilələr öz istəkləri ilə peyvənd vurdura bilərlər. Vaksinasiyanın hamiləliyin ilk üç ayında tətbiq edilməməsi tövsiyə olunur”, - deyə onlar tövsiyələrinə əlavə ediblər.

Müğənni Bengü çoxsaylı suallardan sonra bununla bağlı özünün “Instagram” hesabında mövzuya aydınlıq gətirib.

O, vaksinasiyadan əvvəl həkimlə məsləhətləşdiyini deyərək, xüsusən hamiləlik dövründə immunitet sisteminin zəifləməsi ilə əlaqədar peyvəndin vacib olduğunu bildirib.

“Bədənimizdə əmələ gələn anticisimlər körpəmizə keçəcəyindən, körpələrimiz də doğulduqları zaman koronavirusa qarşı təbii toxunulmazlığa sahib olacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki, ikinci uşağına hamilə olan məşhur müğənni Bengü BioNTech ilə vaksinasiyadan keçib.