Liderlərin örnək münasibəti ortaq dəyərlərimiz qədər əzizdir (Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik

16:00 10-06-2021 103
Azərbaycanla Türkiyə qardaşdır, dostdur, qonşudur, strateji müttəfiqdir, tam qarşılıqlı anlaşma içindədir... – Bu dediklərimiz bəlağət deyil, gəlişigözəl sözlər heç deyil – gerçəklərin cəmi, doğruların toplusu, həqiqətin özüdür. Bəs belə möhtəşəm və nəcib münasibətlər çələngi yaradan, qardaşlığımızı bu qədər fərqli qılan nədir? Çünki: -hər qardaş dost, hər dost qardaş deyil, -hər qardaş qonşu, hər qonşu qardaş deyil, -hər dost qonşu deyil, hər qonşu dost deyil; -strateji müttəfiqlik, anlaşma da belədir: heç də hər dövlət anlaşma içində ola bilmir, heç də hər dövlət strateji müttəfiqlik edə bilmir. Üstəlik, xalqların və dövlətlərin münasibəti önəmlidir: bəzən bir ölkənin xalqı qardaş olsa da, dövləti ilə dərin anlaşma içində olmaya bilərsən və ya əksinə... Ona görə də, Azərbaycanla Türkiyə arasındakı münasibətlər örnəkdir. Bu yerdə, Azərbaycan Prezidenti İlham Əliyevin 10 oktyabr 2020-ci ildə Rusiyanın RBK televiziya kanalına verdiyi müsahibədən bir xatırlatma etmək istəyirəm. Onda Vətən Müharibəsinin qızğın vaxtları idi. Jurnalistin Bakıda gəzəndə çoxlu Azərbaycan bayrağı ilə yanaşı çox sayda Türkiyə bayrağı gördüyünü deməsi üzərinə Prezident bu tarixi sözləri demişdi: - Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz”. Bəli, dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin, siyasi iradənin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. İki qardaş ölkənin münasibətləri davamlı inkişaf edən münasibətlərdir. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu. Dost, qardaş və qonşu Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Dövlət böyüklərimizin “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” (Atatürk) və “Bir millət, iki dövlət” (Heydər Əliyev) kəlamları mənəvi, siyasi, iqtisadi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiq və təsbitini tapıb. Siyasi liderlərin örnək münasibəti tarixi ənənələrimiz, ortaq dəyərlərimiz qədər əzizdir, dəyərlidir. Liderlərin atdığı qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığının, işbirliyinin bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlət başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirməsi olduqca yüksək dəyərə malikdir. Hər iki Prezident müxtəlif beynəlxalq tədbirlərdə həmişə öz ölkəsi ilə yanaşı qardaş ölkəyə birmənalı dəstəklə seçilib. Bu, əsl qardaşlıq örnəyidir. Bir-birinə məhz “qardaşım” deyərək müraciət edən İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birliyi və həmrəyliyi, öz ictimaiyyətimiz üçün də, dünya birliyi üçün də örnək təşkil edir. Biz, Çanaqqala savaşında Azərbaycan könüllülülərinin iştirakı, Azərbaycan qız-gəlinlərinin nişan üzüyünü, sırğasını Çanaqqalada türkün zəfəri üçün yardıma göndərməsi yaxud Nuru Paşa komandanlığındakı Qafqaz Türk-İslam Ordusunun Azərbaycanı, o cümlədən Bakını daşnak-bolşevik və digər yadellilərdən qurtarması ilə taclandırılan şanlı keçmişə, tarixi ənənələrə malikik. Bu şanlı keçmiş, ruha qidadır – bugünümzdə iştirak edir, sabahımızı aydınladır. Heç təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsində Türkiyənin ən yüksək səviyyəli mənəvi, siyasi, diplomatik dəstəyi fövqəladə önəm ərz etdi. – “44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bu, bizim müştərək qələbəmizdir.” – Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə Türkiyənin Xarici İşlər naziri, Milli Müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edərkən söylədiyi bu fikirlər dediklərimizin sübutu, təsdiqi, mükəmməl ifadəsidir. Bu vəsilə ilə 44 günlük müharibədəki həmrəyliyimiz, “tarixə düşən örnək qardaşlıq necə olur?” sualına parlaq cavabdır. İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə zəruri əks-hücum əməliyyatı ilə Ermənistan işğalçılarından azad edilməsi zamanı Türkiyə dövlətinin, şəxsən dövlət başçısının, ümumən Türk xalqının Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstək sözün həqiqi anlamında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən Müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq göstərdi – bu, əzm özünü bütün sferalarda göstərdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə dövləti öz qardaşlıq dəstəyini geri çəkmədi, mövqeyindən bir mm geri addım atmadı. Əlbəttə, ölkələrimizin iqtisadi imkanları da qardaşlığımızın qüdrətini artırır. Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, özəlliklə də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Artıq bu yöndə bir sıra önəmli addımlar atılıb və birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyət daşıdığı hər kəsə bəllidir. Məsələn, Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda gerçəkləşdirilən enerji siyasətinin əsas konturlarını müəyyən edən ciddi faktorlardan biri olacaq. Çünki Avropa Birliyi başda olmaqla, Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “NABUKKO” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsində Azərbaycanın Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol müstəsnadır. Bəlli olduğu kimi, bugünlərdə siyasi müstəvidə işbirliyinin yeni istiqamətlərini müəyyən edən bir səfər də gerçəkləşdi. İyunun ilk günləri, respublikamızın hakim partiyası YAP-ın nümayəndə heyəti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə oldu. Qardaş ölkələrin hakim partiyaları arasında işbirliyinə dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi, davamlı fikir və təcrübə mübadiləsi baxımından xüsusi önəm daşıyacaq. Nümayəndə heyətini qəbul edən cənab Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də, bundan sonra bölgədə sülhün bərqərar olması işinə Prezident İlham Əliyevin önəmli töhfələr verəcəyinə əmin olduğunu ifadə edib, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq, partiya funksionerlərinin öz çalışmalarını yeni çağırışlara uyğunlaşdırmalarının vacib olduğunu söyləyib. Mən də öz yazımı dövlət başçılarımızın yolgöstərən siyasi kəlamları ilə bitirmək istərdim: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” (İlham Əliyev), “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” (Rəcəb Tayyib Ərdoğan). Qardaşlığımız və qardaş dövlətlərimiz var olsun!