İmtahandan intihara aparan yol

15:50 10-06-2021 9

Emilya Tağıyeva yazır...

Bu gün 17 yaşlı qız müstəqil həyatın astanasına qədəm qoymamış intihar edib. İlkin ehtimallara görə, səbəb imtahanlardakı zəif nəticə olub.

İndi bir çoxları onun valideynini ittiham edəcək, “yəqin evdə çox təzyiq göstəriblər” deyəcək.

Bunun nə dərəcədə həqiqət olduğunu deyə bilmərəm. Amma bir şeyi dəqiq bilirəm ki, cəmiyyətin təqsiri heç də az deyil.

Bunu təcrübə əsasında deyirəm. Mən də məktəbi bitirən ili universitetə daxil ola bilməmişdim. Çox utancaq və çəkingən olduğumdan imtahanda özümü möhkəm itirmişdim.

Həmin vaxt atam da, anam da mənə çox dəstək oldular, maksimum dərəcədə sakitləşdirməyə çalışdılar. Amma mən öz otağımdan çıxmağa belə utanırdım. Bircə şeyi düşünürdüm: Biabır oldum...

İndiki ağlım olsaydı, o qədər həyəcan keçirməzdim. Amma yeniyetməlik duyğuları fərqli olur.

Bu yeniyetmələrin intiharında məktəbin də rolu az deyil. Çünki məktəb psixoloqlarının adı var, özü yoxdur. Bunu mən bilirəm, sən bilirsən, Əhməd bilir, Məmməd bilir, Təhsil Nazirliyi bilmir? Əgər uşaqlara məktəb vaxtında lazımi psixoloji yardım göstərilsə, əminəm ki, belə intiharların “kitabını bağlaya” bilərik. Uşaqlar anlamalıdırlar ki, bu, müstəqil həyatın sadəcə ilk imtahanıdır, bundan sonra həyat ancaq sınaqlarla davam edəcək. Psixoloqlar da onları buna hazırlamalıdırlar.

Valideyn kimi isə bizim məsuliyyətimiz hamıdan çoxdur. Amma bəzən bizlər də yanlış bildiyimiz doğrular üzündən övladlarımızın həyatını məhv edirik... Buna görə də həyatın bütün çətinliklərinə baxmayaraq, övladımızın bizə verilmiş ən böyük nemət olduğunu unutmadan, vaxt tapıb belə məsələlərdə maksimum maariflənməliyik, müəllimlərlə əlbir olaraq uşaqlarımıza özünəinamı aşılamalı, ilk çətinlikdə geri çəkilməməyi öyrətməliyik.

Universitetə girmədiyim il ən böyük dəstəkçim atam oldu. O, mənə mənəvi dəstəkdən əlavə işə düzəltdi, özünə üçün əlindən gələni etdi. Sonrakı il özümə əminliyim o qədər artmışdı ki, heç hazırlaşmadan istədiyim fakültəyə rahatlıqla girdim. Beləliklə öyrəndim ki, bütün uğursuzluqların öhdəsindən gəlmək olar. Sadəcə səbr və əzm lazımdır. Bu hadisə bütün illərdə qarşıma çıxan çətinliklərin öhdəsindən təmkinlə gəlməyimə və sabaha olan ümidimin heç vaxt sönməməsinə səbəb oldu. Belə çıxır ki, universitetə girməməyim heç də uğursuzluq deyilmiş. Uşaqlarımıza da bunu öyrətməliyik.