Azərbaycanı Paralimpiya Oyunlarında səkkiz idmançı təmsil edəcək - RƏSMİ

14:20 09-06-2021 12

Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək daha beş idmançının adı açıqlanıb.

milletinsesi.info xəbər verir ki, paraatletlər – Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli və Yelena Çebanu Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizin şərəfini qoruyacaq.

Polşada keçirilmiş sonuncu Avropa açıq çempionatında uğurla iştirak etmiş idmançılarımız E.Astanov, E.Cəbrayılov, S.Nəcəfzadə və H.Həmidli, eləcə də reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş Y.Çebanu bu mötəbər yarışda iştirak hüququ qazanıb.

Beləliklə, Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək paraatletlərimizin sayı səkkizə çatıb. Daha əvvəl Oloxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev dünya çempionatında göstərdikləri nəticələrə görə lisenziya əldə etmişdilər.

Oloxan Musayev, Samir Nəbiyev və Elvin Astanov nüvə itələmə, Elmir Cəbrayılov və Yelena Çebanu qaçış, Kamil Əliyev və Səid Nəcəfzadə uzunluğa tullanma, Həmid Heydərli isə nizə atma növündə iştirak edəcək.

Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına 18 lisenziya əldə edib. Onlardan 8-i paraatletika, 4-ü parataekvando, 3-ü paraüzgüçülük, 2-si güllə atıcılığı və 1-i parapauerliftinq növündəndir.