Bir ailənin beş uşağı sığınacağa yerləşdirildi

15:00 05-05-2021 15

Qadın və uşaq sığınacağına daha beş azyaşlı qəbul edilib. 

Bu barədə milletinsesi.info-a “Təmiz Dünya” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən uşaqların anası bundan əvvəl, müharibə vaxtı Gəncə şəhərindən müraciət etmişdi:

“Beş uşaq anası olan xanım daha əvvəl də sığınacaqda olub. Müharibə dövründə Gəncə atəşə tutulan zaman onların yaşadığı evə də ziyan dəyib. Biz onlara əlimizdən gələn dəstəyi göstərmişdik. Təxminən iki həftəyə yaxın müddət bizimlə qaldılar.

Ötən gün uşaqların anası yenidən sığınacağa üz tutub və onlara dəstək olmağımızı istəyib. Qadın kafedə işləyirdi. Lakin pandemiya ilə əlaqədar çalışdığı yerlər fəaliyyətini dayandırıb.

O deyir ki, uşaqlara baxmağa artıq gücü çatmır. Onlara yemək almağa belə pulu yoxdur. Qadının övladlarına baxa bilməsi üçün işləməsi şərtdir. Buna görə biz ona dəstək olmaq üçün beş uşağı yenidən sığınacağa qəbul etdik. Ümid edirik ki, bununla da tez bir zamanda ananın toparlanmasına köməyimiz dəyəcək”.

Könül Cəfərli