Q.Paşayeva “Molla Nəsrəddin” ensiklopediyasının “onlayn” təqdimatında bir sıra vacib təkliflərlə çıxış edib

13:05 05-05-2021 81
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva “Molla Nəsrəddin” ensiklopediyasının “onlayn” təqdimatında bir sıra vacib təkliflərlə çıxış edib Ədəbiyyat tarixi janrında hazırlanan, baş redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru fil.f.d. Gülbəniz Babayeva, tərtib edən və çapa hazırlayanı fil.e.d.prof. Vüqar Əhməd, koordinator fil.f.d. Mehman Həsənli olan "Molla Nəsrəddin" ensiklopediyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “onlayn” təqdimatı keçirilib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “onlayn” təqdimatda çıxış edərək vurğulayıb ki, “uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran hörmətli akademikimiz İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə araşdırmalarının məntiqi nəticəsi kimi meydana çıxan “Molla Nəsrəddin Ensiklopediyası” ədəbiyyatşünaslığımızda önəmli hadisədir. İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb, nəşr edilib. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanmış, akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görmüş ensiklopediya Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Ensiklopediya adının, başqa sözlə, ensiklopediya təyinatının mahiyyətinə uyğun olaraq hazırlanmış nəşr, “Molla Nəsrəddin” jurnalının bütün sahələrini ardıcıllıqla və ətraflı şəkildə əhatə edən biliklər dairəsi, məlumatlar toplusudur. Molla Nəsrəddin jurnalını bütünlüklə lüğət şəklində sistemə cəlb edən ensiklopediya, bu sahə üzrə yığcam məlumat verən elmi nəşr kimi yüksək dəyərə layiqdir. Ensiklopediya öz məzmununa görə yalnız sahə ensiklopediyası olmaqda qalmayıb, universal-milli ensiklopediya kimi də təqdim edilə bilər. Nəşrin hazırlanmasında akademiklər, professorlarla yanaşı, Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva kimi gənc tədqiqatçıların da iştirakı təqdir edilməlidir. “Molla Nəsrəddin” ensiklopediyası “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyasıdır, Mirzə Cəlil ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin çoxcəhətli əməli fəaliyyətinin ensiklopediyası dəyərindədir. Bu nəfis kitab, öz əhatə dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas mətnlərlə yanaşı, “Əlavələr” bölməsi də maraq kəsb edir: burada “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə, mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, gün üzü görən kitabların siyahısı və s. haqqında bilgilər verilib. Ensiklopediyada “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması, o dövrün gerçəklikləri, jurnalın tənqid hədəfləri, jurnalın əleyhinə çıxanlar, kollektivin üzləşdiyi çətinliklər, mollanəsrəddinçilərin mövhumatla, cəhalətlə mübarizəsi, jurnalın gün üzü gördüyü dövrlərdə ölkə, region və dünyada cərəyan edən tarixi, ictimai-siyasi hadisələr, o cümlədən I Dünya müharibəsi dövrü – bütün bunların jurnalın mətn-mündəricəsinə, müəlliflərin yaradıcılığına təsirləri sistemləşdirilib, jurnalı yaradanlarla yanaşı, jurnalda məşhurlaşanlar, belə demək olarsa, jurnalın yetişdirdikləri, jurnalın təsirləri, dil məsələsi, qadın azadlığı məsələsi, jurnalın Tiflis, Təbriz və Bakı dövrü və s. kimi mövzuları universal şəkildə əhatə edilib. Azərbaycan peşəkar satirik mətbuatının əsasını qoyan və ədəbi məktəb yaradan “Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti ilə türk-müsəlman dünyasında, Yaxın Şərqdə geniş yayılmaqla xalqların azadlıq, dövlət müstəqilliyi, demokratiya uğrunda mübarizəsində özünəməxsus yerə və rola malikdir. Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, yeni baxış və düşüncə tərzi gətirməklə yanaşı, demokratik ictimai fikrin təkamülünə, satirik mətbuatın, satira ədəbiyyatının inkişafına güclü təsir göstərib. Heç təsadüfi deyil ki, milli və bəşəri dəyərləri özündə universal şəkildə təcalla etdirən “Molla Nəsrəddin” jurnalı bir çox cəhətləri ilə çağdaş dövrümüzdə də aktual görünür və xalqın söz xəzinəsinə rəng qatır. İlk buraxılışından (07 aprel 1906, Tiflis) 115, Təbrizdə nəşrə başlamasından (1921) 100, Bakıda son sayının gün üzü görməsindən (1931) 90 il keçən “Molla Nəsrəddin” jurnalı üçün əlamətdar olan 2021-ci il, bu ensiklopediyanın təqdimatı ilə süslənmişdir. “Molla Nəsrəddin” ensiklopediyasının bütün mollanəsrəddinçilərin ruhunu şad edəcəyinə inanıram. Fürsətdən istifadə edərək, ensiklopediyanın araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni yaradıcılıq uğurları diləyirəm!”