“Könüllü qəhrəmanların aprel görüşü” adlı videokonfrans keçirilib - FOTO

13:00 05-05-2021 13

Azərbaycan Könüllü Təşkilatları İttifaqın üzv təşkilatların nümayəndələrinin, könüllülərin və AKTİ katibliyinin iştirakı ilə “Könüllü qəhrəmanların aprel görüşü” keçirilib.

Görüş qonaq qismində dəvət olunmuş Milli Məclisin deputatı Vüqar İskəndərovun çıxışı ilə başlayıb. O, çıxışında könüllülük ənənələri və dəyərlərinin tarixən xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu və bu dəyərlərin hazırda gənclərimiz tərəfindən yüksək səviyyədə qorunduğunu qeyd edib. Bundan əlavə, deputat könüllülərin fəaliyyətinin hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. 

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxış edərək aprel ayında könüllülər tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, könüllülər aprel ayı ərzində bir sıra sosial aksiyalarda, ağacəkmə kampaniyaları və təmizlik işlərində iştirak ediblər. Şanlı Aprel döyüşlərində və Vətən müharibəsində iştirak etmiş qazilərimizlə görüşlər təşkil olunub, eləcə də qəhrəmancasına şəhid olan vətən oğullarının məzarları və onların ailələri ziyarət olunub. Könüllülər arasında fəal həyat tərzinin təbliğ olunması məqsədilə müxtəlif idman tədbirləri və intellektual oyunlar həyata keçirilib. AFFA-nın təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və AKTİ-nin tərəfdaşlığı çərçivəsində keçirilən, aprelin 20-dən start götürən “Avro-2020 Könüllü Kuboku” turnirdə ümumilikdə Azərbaycan könüllülərindən ibarət 16 komanda mübarizə aparıb.

Nizami yaradıcılığının təbliğində gənclərin rolunu artırmaqla onların asudə vaxtlarının əyləncəli və səmərəli təşkil edilməsi məqsədilə ay ərzində 2 mərhələdən ibarət “Xəmsə” Milli İntellektual Oyunu keçirilib. Müxtəlif könüllü təşkilatlarını təmsil edən 12 komandadan ibarət turnirin final mərhələsi Şamaxı regional "ASAN xidmət" mərkəzində keçirilib. Oyundan sonra könüllülərin Kələxana türbələri və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.

Bildirilib ki, ay ərzində davam edən “Könüllülərin Fərdi İnkişaf Proqramı” layihəsi çərçivəsində gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişafı, eləcə də xarici dil biliklərinin möhkəmləndirilməsinə dəstək məqsədilə bir sıra mütəxəssislərin dəvət olunduğu onlayn və fiziki təlimlər keçirilib.

Konfransın sonunda könüllülərin həyata keçirilən fəaliyyətlərlə bağlı fikirləri, təklifləri dinlənilib və növbəti aylarda görüləcək işlər müzakirə edilib.