Anasını doğulanda, atasını müharibədə itirən Adəmin həkimə ehtiyacı var - FOTO

12:15 05-05-2021 6

Torpaqlarımızın işğaldan azad edilməsində şəhid olmuş qəhrəmanlardan biri də Tərtərin Borsunlu kəndində anadan olmuş 1991-ci il təvəllüdlü Elman Məmmədovdur. 29 yaşlı Elman Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Xidmətini başa vurduqdan sonra 10 il toylarda fotoqraf kimi çalışıb. 2020-ci ilin iyununda yenidən hərbiyə yazılaraq MAXE kimi fəaliyyət göstərib. 27 yaşında 7 il sevdiyi xanımla ailə həyatı quran şəhidimiz 1 ildən sonra həyat yoldaşını itirib. Belə ki, onun həyat yoldaşı Xanım Məmmədova doğuşdan 10 gün sonra vəfat edib. İndi onların 2 yaşlı oğlu Adəm Vətənə yadigar qalıb. 

“Qafqazinfo” şəhidin ailəsiylə söhbətləşib. Atası Bəhmən Məmmədov bildirib ki, Elman ailənin sonbeşiyi olub:

“3 oğlum var idi, biri şəhid oldu. Elman bizi müharibədə olmadığına inandırmağa çalışırdı. Amma içimdə hiss edirdim ki, vəziyyət dediyi kimi deyil. Sonuncu dəfə oktyabrın 1-də  bizimlə danışdı. Hər kəsin hal-əhvalını xəbər aldı, oğlunun vəziyyətini soruşdu, yaxşı olduğuna bizi inandırdı. O, Füzulinin Alxanlı kəndində tank mərmisindən şəhid olub. 12 yoldaş olublar, onlardan 7-si şəhid olub, 5-i yaralanıb. 

Kənddən bir oğlan Elmanla birgə döyüşürdü. Gəlib danışdı ki, Elmanın qanlı nəşini o daşıyıb.

Mənim ortancıl oğlum da zabit kimi müharibədə iştirak edib. Hər iki qardaş bir-birindən xəbərsiz Füzuli istiqamətində döyüşüb. Elman müharibədə bir sıra qəhrəmanlıqlar edib. Yaralı komandirinə, əsgərlərə kömək edib. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib”.

Şəhidin anası Müşkinaz Məmmədova da hər ana kimi oğlunun ölümünü qabaqcadan hiss etdiyini deyir. M. Məmmədova qeyd edib ki, müharibə başlayandan ermənilər yaşadıqları Borsunlu kəndini mütəmadi atəşə tutduqlarına görə kəndi tərk edib Mingəçevirə qohumlarının evinə gediblər. 

Elman şəhid olan günü isə səhər saatlarında birdən huşunu itirərək halsız vəziyyətə düşüb: 

“Elə qohumlar dedilər ki, sənə nə oldu? Halsız halda məni aparıb yatağa uzadıblar. Ayılanda gördüm ki, yenə heç hara sığmıram. Evimizə getmək istədim və getdim. Sonra ayın 3-ü axşam oğlum mənə də dedi ki, Elman şəhid olub. Ondan bir gün qabaq Elmanla danışmışdım. Məni tamam arxayın etmişdi ki, müharibədə iştirak etmir. Adəmi mənə tapşırdı. Bu zaman mən narahat oldum. Dedi ki, onu Bakıya həkimə aparım. Dedim ki, inşallah özün gələrsən birlikdə aparırıq. 

Adəm hazırda 2 yaş yarımlıqdır, ancaq heç danışa bilmir. 

Sanki bütün bu yaşananlar ona təsir edib. Hazırda ana nənəsinin yanında qalır. Özgə adamlar görən kimi ağlamağa başlayır. Onun serebral iflic olmasından şübhələnirəm. Rayonda həkimlərə göstərmişəm, məni arxayın edirlər ki, problemi yoxdur, danışacaq. Ancaq buna inanmıram. İstəyirəm ki, Bakıda yaxşı bir mütəxəssis tapaq, onu müayinə etdirək”.

Şəhid anası bildirir ki, hazırda nəvəsini-şəhid övladını hərtərəfli müayinə etdirmək onlar üçün çox vacibdir:

“Ana nənəsi də qızını itirdiyindən çox israr etdi ki, Adəm onunla qalsın, qızının iyini nəvəsindən almaqla təsəlli tapmağa çalışır. O da yeganə qız övladını itirib.  

Elman Xanımı itirəndən sonra çox pis olmuşdu. Onun yoxluğuyla barışa bilmirdi. Tez-tez Xanımı yuxusunda görürdü, hər dəfə də yuxusunu mənə danışardı. Bir gün dedi ki, yuxuda Xanımın qəbrini açıb, üstündə pambıq olub. Xanım bundan soruşub ki, sən ölməmisən?! “7 gündür dəli olmuşam, elə bildim ki, sən ölmüsən”, - deyə Elmandan soruşub.

Xanımı o qədər çox sevirdi ki… Heç onsuz yaşaya bilmirdi. Bəlkə Xanım sağ olsaydı, o da dünyada qalardı. Həkim səhlənkarlığı ucbatından gəlinimi də gənc yaşda itirdim, nəvəm yetim qaldı”.