Qırğızıstan prezidenti səlahiyyətlərini genişləndirən konstitusiyanı imzaladı

10:45 05-05-2021 11

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin yeni konstitusiyasını imzalayıb.

Gazeta.ru bu barədə ölkə liderinin rəsmi saytına istinadla məlumat yayıb.

Yeni imzalanmış konstitusiya dövlət başçısının səlahiyyətlərinin genişləndirilməsini təmin etmək məqsədi daşıyır.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bu gün, 5 may tarixində referendumda qəbul edilən Qırğızıstan Respublikasının Konstitusiyasını imzalayıb”, - deyə qeyd edilir.

Bundan əlavə, Qırğızıstan rəhbəri “Qırğızıstan Respublikasının Konstitusiyası haqqında” müvafiq qanunu təsdiqləyib.

Qırğızıstan konstitusiyasında dəyişiklik edilməsi üçün referendum bu il 11 aprel tarixində keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçicilərin 36,75 %-i iştirak edib.

Qırğızıstanın yeni əsas qanunu ölkə prezidentinin səlahiyyətlərinin gücləndirilməsini, parlamentarilərin sayının 120-dən 90-a endirilməsini, habelə hökumət üzərində nəzarəti prezident administrasiyasının rəhbərinə verməyi nəzərdə tutur.