Şabranda yas mərasimi cərimələnmə ilə bitdi - FOTO

18:30 04-05-2021 9

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qazbabalı kəndində xüsusi karantin rejiminin pozulması ilə müşayiət olunan yas mərasiminin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mayın 4-də həmin kənd ərazisində fərdi yaşayış evində ev sahibi atasının 40-ı ilə əlaqədar yas mərasimi keçirməyə cəhd edib. Daxil olmuş məlumat əsasında polis əməkdaşları kəndə gedərək mərasimin keçirilməsinə imkan verməyiblər.

Sözügedən ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu da müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, karantin qaydaları barədə ətraflı məlumat verilib.

Mərasimi təşkil edən üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.