Koronavirusa yoluxduğu üçün millimiz seçmə mərhələdə baş məşqçisiz çıxış edəcək

13:45 04-05-2021 11

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Gürcüstana yola düşüb.

Azərbaycan Voleybol Federasiyasından milletinsesi.info-a verilən məlumata görə, F qrupunda Gürcüstan, Monteneqro, Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq millimiz ilk matçını mayın 7-də Monteneqroya qarşı keçirəcək.

Bir müddət öncə koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamızla yollanmayıb. Milli komandamız bu yarışlarda Pərviz Səmədovun rəhbərliyi altında çıxış edəcək. Ona köməkliyi Dilqəm Qəhrəmanov və Akif Vəliyev edəcək.

Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək oyunçular bunlardır: Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elmin Alışanov, Kənan Allahverdiyev, Dmitri Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yeqor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vasilenko, Roman Qurski.

Qeyd edək ki, komandamız Monteneqro ilə 7 və 14 mayda, Gürcüstanla 8 və 16 mayda, Yunanıstanla isə 9 və 15 mayda qarşılaşacaq.