Doğulduğu gündə şəhidlik zirvəsinə ucalan Xəyyam Əzizovun döyüş yolu - FOTO

17:25 03-05-2021 10

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından biri də baş leytenant Xəyyam Əzizovdur. 

milletinsesi.info xəbər verir ki, doğulduğu gün şəhidlik zirvəsinə ucalan Əzizov Xəyyam Əli oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edənlərdən olub. 

Qəhrəmanımız Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanıb.

Lakin döyüş bölgəsindən təxliyə edilməsinə razı olmayıb və yaralı halda sona kimi döyüşməyi seçib. Noyabrın 8-də Şuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı ağır yaralanaraq şəhid olub.

Öz doğum günündə şəhid olan Xəyyam Əzizov Neftçala rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Xəyyam Əzizov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Könül Cəfərli