Q.Paşayeva  tanınmış özbək şairi,  Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib

11:52 09-04-2021 24
MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Azərbaycan həqiqətlərinin Özbəkistanda yayılmasında fəal rol oynayan tanınmış özbək şairi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib və onun iki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistanın tanınmış şairi, publisist və tərcüməçisi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş virtual konfransda çıxış edib. Qardaş ölkənin mədəni-ictimai həyatının əsas simalarından olan Xasiyyət Rüstəmin 50 illik yubileyinin Özbəkistanla yanaşı Azərbaycan ədəbi-ictimai, yaradıcı qurumlarının təşkilatçılığı ilə qeyd edilməsini bir vəfa borcu kimi xarakterizə edən Qənirə Paşayeva yubilyarın türk ədəbi dünyasında sevildiyini, oxunduğunu bildirib. Q.Paşayeva Xasiyyət Rüstəm yaradıcılığının türk dünyası, Turan coğrafiyası üçün xüsusi önəm kəsb etdiyini qeyd etməklə yanaşı, onun Azərbaycana ürəkdən bağlılığına toxunaraq, 44 günlük Vətən Müharibəsində verdiyi mənəvi dəstək üçün bir daha təşəkkür edib: "Sizinlə Azərbasycanda, özbəkistanda görüşlərimizdə həmişə deyirdik ki Qarabağda, Şuşada görüşək; çox şükür, bu arzumuz artıq gerçəklik qazanıb. Sizin "Adı Lalə idi o qızın" poemanız Qarabağ, Azərbaycan həqiqətlərinə nə qədər içdən bələd olduğunuzu aydın şəkildə göstərir. Məhz bu əsərinizin Şuşada təqdimatına yığışacağımız gün uzaqda deyil. Siz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvüsüz və təsadüfi deyil ki respublikamızda bir neçə kitabınız işıq üzü görüb, daha yeni kitablarınız da çıxacaq. Bizim rəsmi Təbrik məktubumuz Sizə göndərilib, bu fürsətdən istifadə edib, Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"! Qeyd edək ki, təşkilatçıları “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB olan virtual tədbirin baş tutmasına Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, "Yeni Müsavat" Media Qrupu, “Zirvə Tədris Mərkəzi” dəstək verib.