Vergi xidməti aksiz dərəcələrində dəyişikliklə bağlı məlumat yaydı

18:00 07-04-2021 9

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, məqsəd sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması və aksizli məhsullardan istifadə üzrə qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olmaqdır.

Nazirlər Kabinetinin 5 aprel 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən:

- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və hər kiloqramına 30,0 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;

- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və 1000 ədədinə 12,9 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;

- tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üzrə aksiz dərəcəsi 1 000 ədədinə 31 manatdan 43 manata;

- tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlər üzrə aksiz dərəcəsi 1 000 ədədinə 39 manatdan 43 manata;

- elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi hər litrinə 20 manatdan 100 manata qədər artırılıb.