Taksilərin rəqibi olan 45 minlik qrupun yaradıcısı: “Təmənnasız da xidmət edirik” - MÜSAHİBƏ + FOTO

19:30 06-04-2021 16

Pandemiya dövründə insanların sosial şəbəkələrdən istifadəsi daha da artıb. Tez-tez qarşılaşdığımız paylaşımlar isə daha çox karantin rejimində həftəsonu ictimai nəqliyyatın işləməməsi ilə bağlıdır. Şəbəkə istifadəçiləri qarşılaşdıqları çətinliklərdən yazır.

Daha maraqlısı isə sosial şəbəkədə bir ünvandan digərinə getmək üçün taksi axtarışına çıxanların etdikləri paylaşımlardır.

Bu paylaşımların çoxu taksilərə deyil avtomobili olan şəxslərin yol üstü getdiyi istiqamətlərdə bir-birinə yardım etməsi ilə bağlıdır. Bu cür insanlar isə bir yerə yığan maraqlı qrup var. “Yol üstü” qrupu. 45 mindən çox insanı bir araya toplayan qrup bu gün cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

İnsanların nəqliyyat sahəsində qarşılaşdığı çətinlikləri müəyyən mənada aradan qaldıran qrup necə, hansı məqsədlə yaranıb, bir-birini tanımayan insanlar bu qrupa nə üçün etibar edərək istifadə edir və bu kimi digər sualları qrupun təsisçisi Pərvin Muradxanov milletinsesi.info-a cavablandırıb.

P.Muradxanov 1991-ci ildə Qəbələ şəhərində anadan olub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq departamentdə mütəxəssis kimi çalışır.

- Necə oldu belə bir qrup yaratmaq fikrinə düşdünüz?

- Mən Qəbələ rayonunda anadan olmuşam. Tez-tez rayona gedib gəlirəm. 2015-ci ildə qış vaxtı rayondan Bakıya qayıtmalı oldum. Yol qarlı və buzlu olduğundan tək getmək istəmədim. Düşündüm yanımda sərnişin olsa rahat olaram. Qəbələdə bazarın mərkəzində bir yer var. Şəhərə getmək istəyən şəxslər orada toplaşır və yol maşınlarına minir. Birinci elə bildilər ki, ödəniş alacam. Sonra ödənişsiz, təmənnasız yol üstü sərnişin götürdüyümü dediyim zaman sanki sevindilər. O zaman gördüm ki, soyuq havada insanların bu cür dəstəyə ehtiyacı olur. 

O gün düşündüm ki, insanlara yol üstü kömək olacaq bir qrup açım. Qrupu yaratdım və inkişaf etdirməyə başladım. İlkin mərhələdə 500 nəfərdən ibarət kiçik bir qrup idi. Qrupun ilk adı “Bakıdan rayonlara boş getmirik” olub. Qeyd qoymuşdum ki, qrup taksi fəaliyyəti üçün deyil.

- Şəbəkə istifadəçilərinin qrupa üzv olması üçün nə kimi addımlar atmısız?

- Qrupun əsas fəaliyyəti 2019-cu ildən başlayıb. Yoldaşlar bu qrupu inkişaf etdirmək lazımdır dedilər. Həmin ərəfədə üç nəfər admin seçdim. Onlarla birlikdə qrupu idarə etməyə başladıq. Dörd nəfərin idarəçiliyi ilə qrupa dekabra qədər 10 min nəfər üzv olduqdan sonra adı dəyişdirib “Yol üstü” qoyduq.

- İnsanlar qrupa daxil olur və bir müddət sonra çıxırlar. Necə düşünürsüz sizin qrupda sosial şəbəkə istifadəçilərini cəlb edən əsas məqam nədir?

- Biz qrupda əsas qaydalara və prinsiplərə ciddi riayət olunmasına nəzarət edirik. Qrupu ilk yaradanda təmənnasızlıq prinsipini əsas götürdük. Qrup üzvləri çox müxtəlifdir. Onlardan əsas qrup qaydalarına ciddi şəkildə əməl etmələri tələb olunur. Qrupun fəaliyyəti isə cəmiyyətə faydalı olmaqdan ibarətdir. Amma qrup üzvlərinin sayı artıqdan sonra qaydalara dəyişiklik edərək qrupdan istifadə edən, post paylaşan şəxslər üçün 100 km üçün 3 manat ödəniş təyin etdik. Amma təmannasız getmək istəyənlər postunda ödənişsiz gediş qeyd edirdi.

Qrup üzvlərinin sayının azalmaqdansa artmasına səbəb isə insanların bu qrupdan gündəlik həyatda istifadə etmələridir. Gün ərzində eyni istiqamətə gedən insanlar bir-birinə yol yoldaşı olur. Müşahidələrimiz isə göstərir ki, əksər hallarda bu gedişlər təmənnasız olur.

- Sosial şəbəkədə çoxsaylı qruplar, səhifələr mövcuddur. Lakin insanların etibar məsələsi önəmlidir. İnsanlar post paylaşır və heç tanımadıqları bir insanlarla uzaq yola çıxırlar. Heç problem yaşayan olubmu?

- Bəli, qruplar çoxdur. Lakin etibar məsələsi bir qədər çətindir. İnsanlar post paylaşır, qiymət yazır, istiqamət yazır. Biz fərqli nömrələrdən zəng edib yoxlayırdıq ki, burada taksi fəaliyyəti olmasın. Sonradan başqa qiymət təklif olunmasın. Həqiqətən bu qrup ictimaiyyətin diqqətini çəkdiyi üçün aktivlik yüksək idi. Bu da qrupun idarəçiliyi çətinləşdirir. Elə olub ki, sərnişinə 9 manat deyirlər, sonra 50 manat istəyirlər. Bu kimi qat-qat artıq qiymət deyərək, dolayı yollarla taksi fəaliyyəti göstərən şəxslər aşkarladıqda onları qrupdan xaric edirdik.

Sərnişinlərdən bunu nə üçün qəbul etdiklərini soruşduğumuzda isə təcili maşın lazım olduğunu deyirdilər. 2 il ərzində 700 nəfərə yaxın üzv qrupdan uzaqlaşdırılıb və onlar heç bir halda geriyə qaytarılmayıb. Düşünürəm ki, məhz bu kimi nizam-intizam sosial şəbəkə istifadəçiləri arasında güvən formalaşdıra bilib. 

- Heç olub ki, qrup xidmətlərindən istifadə zamanı bədbəxt hadisə baş versin?

- Qrupun idarəçiliyini digər adminlərə həvalə edib tamamilə uzaqlaşmışam. Mənim idarə etdiyim müddətdə heç bir qəza, bədbəxt hadisə baş verməyib. Sadəcə bir dəfə qrup üzvlərindən biri rayona bağlama göndərib. Sürücü bağlamanı sahibinə verənə qədər bir saat dincəlmək istəyib. Təxminən 2-3 saat axtarıblar, xəbər ala bilməyiblər. Qrupdan rəhbər kimi bizə yazıb hədələyən də oldu, məsuliyyət tələb edən də oldu. Bu kimi bənzər hadisələr də olurdu.

Qrupda bir-birinə hər hansı narahatlıq yaradan insanlar barədə post paylaşırdıq. İctimai qınaq qrup üzvlərindən digərlərinin bənzər addım atmamasına səbəb olurdu. Bu isə üzvlərin əyani tanışlıq olmasa da bir-birinə insani keyfiyyətlərlə yanaşması və hörmət bəsləməsinə şərait yaradıb.

- Bu gün qrupun 45 mindən çox aktiv üzvü var. İnsanların gündəlik həyatda tez-tez müraciət etdiyi qrupdur.

- Bu qrupu yaradanda məqsədim də elə bu idi. İnsanların gündəlik həyatda nəqliyyat problemi ilə qarşılaşdığında müraciət edə biləcəyi, bir-birinə dəstək olacağı qrup olsun istəyirdim. Nail oldum deyə düşünürəm. Biz burada heç bir maddi gəlir düşünməmişik.

- Qrupdan qazancınız nə qədər olub? 

- Biz qrupdan gəlir götürməmişik. İki dəfə 30 manatlıq reklam vermişik. O da effekti olmadığı üçün bir həftə sonra çıxarmışıq. Qrupu idarə etdiyim bu illər ərzində heç bir gəlir götürməmişəm.

- Qrupun idarəçiliyindən çıxdığınızı dedilər. “Yol üstü” qrupu satılıb yoxsa necə?

- Xeyr, qrup satılmayıb. Mən qrupu daha yaxşı idarə edə biləcək adminlərə həvalə etdim. Heç bir məbləğdən söhbət gedə bilməz. Qrupu almaq istəyən şəxslər olub. 300 manat da deyən olub, başqa məbləğ də. Amma mən buna qrup kimi deyil, layihə kimi baxmışam və çox əmək sərf etmişəm. Perspektivi olsun deyə etibarlı əllərə tapşırdım.

-Belə baxanda taksi fəaliyyəti göstərən şəxslərə müəyyən mənada rəqibsiniz. 

-Deməzdim ki, taksi bazarına zərbə vururuq. Gün ərzində biz müşahidə edirik, daha çox pandemiya dövründə ictimai nəqliyyatın işləmədiyi ərəfələrdə daha çox post paylaşılır. Ümumilikdə bir ay ərzində postları saydıq və təxminən ay ərzində qrupda 30 gediş olur. Bu isə belə baxanda bir taksinin gün ərzində fəaliyyətidir.

Sadəcə olaraq dediyim kimi qrupda insanların bir-birinə mənəvi dəstək olması, təmənnasız, qrupun da adına uyğun “Yol üstü” gedəcəkləri ünvana qədər aparması bir qədər diqqət çəkir.

-Heç taksi şirkətlərindən iş təklifi və ya təzyiqlər olubmu?

-Xeyr, təzyiq olmayıb. Heç iş təklifi də olub deyə bilmərəm. Tanıdığım bir neçə şəxs zarafat məqsədilə taksilərə mane olursuz deyib. Amma izah etmişik, vəziyyəti başa düşüblər.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov