Çölə çıxdısa “küçə qızı” olacaq

15:35 23-02-2021 15

Kubra Məhərrəmova yazır...

Deyirlər hər uşaq evin, ailənin güzgüsüdür. Mən uğurlu övlad görəndə anlayıram ki, bu uşağın meydana çıxmasında bir ailənin zəhməti var. Atanın qayğısı, ananın sevgisi, dəstəyi var. 

Düzdür bəzən uşaqlar bütün çətinliklərə qarşı gələrək uğur qazanırlar, amma bu daha çox istisnadır.

Uşaqlar evdə nə görürlərsə onu da cəmiyyətə aparırlar. Sevgi, hörmət, kobudluq, aqressiya və s. hamısı ailədən gəlir.

Bizim cəmiyyətdə qəribə məqam var. Hətta qorxulu məqam. Uşaq hər zaman günahkardır. 5 yaşında da, 55 yaşında da. Uşaq məktəbdə danlanırsa, məhəllədə çətinlik yaşayırsa, başına bir iş gəlirsə, uşaq günahkardır. Hələ bu qız uşağıdırsa. Biz hələ də uşaqlarımızı qorxu vasitəsiylə tərbiyə edirik. “Başını kəsərəm”, “ayağını qıraram” kimi təhdidlər normaya çevrilib. Bizdə hələ də övladına “nə olursa olsun, mən sənin yanındayam, mənə güvənə bilərsən” deyən valideynlər çox azdır. Təəssüf ki, azdır. Ona görə də uşaqların əksəriyyəti psixoloji problemlərlə, komplekslərlə böyüyür. Sonra deyirik bu qədər aqressiya hardandır?

Azərbaycanda övlad düşmən çəpəri, dosta-tanışa acıq vermək üçün vasitədir.

Kimin oğul övladı varsa o daha hörmətlidir, qız övladı varsa sonsuz kimi bir şeydir. Nə qədər desək də belə deyil, bu steriotipdən can qurtara bilmirik. 

Nə çoxdur, ultrasəs müayinəsindən sonra övladının qız olduğunu bilən kimi aborta gedən analar. Bu çox zaman ərin, qaynananın təzyiqi ilə edilsə də, anaların canında da az yoxdur.

Əksər qadınlar ərlərinin yanında “bonus” qazanmaq, qaynananın yanında isə “ayağını bərk” etmək üçün oğlan doğur. Öz hökmünü evdə yeritmək üçün mütləq oğul anası olmaq lazımdır.

Əks halda o qadının hörməti olmur. 

Nə çoxdur oğul doğmaq üçün molla yanına gedib dua yazdıran qadınlar. Min cür cadu-pitik edənlər.

İndi sual yaranır, bətnindəki qız övladına yiyə çıxmayan ana, onu dünyaya gətirəndən sonra onun qayğısına nə qədər qalacaq? Hələ atanı bir kənara qoyuram. Ay ana, axı bu övladı sən 9 ay bətnində daşıyırsan, dünyaya gətirirsən...

Bu qız övladı qonşuya görk olsun deyə məktəbə də göndərəcək, bəlkə ali məktəbə də. Elçi gələndə qızının diplomunu “cehiz” kimi ortaya da qoyulacaq, amma ana-ata ona dəstək olacaqmı? Ritorik sualdır. 

Bizim cəmiyyətdə ümumiyyətlə qız övladına qarşı qərəzli münasibətin olması şübhəsizdir. Çox az ailə olar ki, qıza övlad kimi yanaşsın. Məntiqdən kənar, absurd münasibət. Sadəcə cinsiyyətinə görə, oğlan daha üst səviyyədə, qız isə aşağı pillədə müəyyənləşib. 

Azərbaycanda qız övladı olmaq olduqca çətindir. Qız övladı orta statistik ailədə ev işlərini görən, başıaşağı gedib-gələn, ata-anasının dediyi oğlanla ailə quran və mütləq toydan 9 ay sonra oğlan nəvəsi doğmalı olan varlıqdır. İdeal qız övladı valideynlərin, qohumların qarşısında mil durmalı, səsi-səmiri eşildilməməlidir. Deyilənlərlə razı olmalı, müqəddəratı barədə ümumiyyətlə düşünməli deyil. Valideynləri onun yerinə düşünüb onsuz da qərar verəcək. O isə ağıllı qız kimi razılaşacaq. Bu azərbaycanlı ailəsi üçün ideal qız övladıdır. Atasının papağını yerə soxmayan, evə tez gələn, rəfiqə-dost tanımayan, cəmiyyətdən uzaq duran. Dükan-bazara çıxmayan.

Çadrası olmayan, lakin “çadra” altında yaşayan ideal qız uşağı. 

Allah eləməsin bu qız uşağının başına bir iş gəlsin. Əclafın biri ona söz atsın, ya sataşsın. Bu namussuz qalacaq bir tərəfə, deyəcəklər ki, qızın başı-gözü qaynayır, ona görə baş verdi hadisə. Mən hələ zorakılıq, qaçırılma kimi hadisələri demirəm. Qız qaçırıldısa, vəssalam. O evdən meyiti çıxmalıdır. Feodal qanunlar XXI əsrdə Azərbaycanı elə cənginə alıb ki, bu zibildən canımızı qurtara bilmirik. Nə qədər oxusaq da, yazsaq da, onlar bizdən daha güclüdür. Bacarmırıq.

Anlatdıqlarımın nağıl olmadığını əks etdirən son günlər səslənən “neyləyəydim, küçəyə buraxaydım, çöl qızı olaydı?” ritorikasıdır.

Cəmiyyət hələ də düşünür ki, qız çölə çıxdısa “çöl qızı”, “küçə qızı” olacaq. Nədir bizim kütləvi qorxumuz? Və “küçə qızı” hansı anlamı verir? 

Anladığım qədər “küçə qızı” pozğun, əxlaqsız biridir. Və onların yaşadığı həyat hamıya məlumdur. 

Sadəcə cəmiyyətə inteqrasiya olunan qız övladlarının ora gedib çıxması açığı mümkün deyil. Çünki oranın öz “formatı”, öz qaydası var.

Qız övladlarının pis yola düşməsindən qorxan valideynlər ilk növbədə qız övladı ilə dost olmalıdır. Onda güvən hissi yaratmalıdır. Uşağın bir problemi olanda, kimsə ona hədə-qorxu gələndə, şantaj edəndə valideyninə sığınmalıdır. Çünki onun üçün ən yaxın insan ata-anadır.

Yoxsa bilsələr “başımı kəsərlər” düşünüb, hansısa əclafın əlində oyuncağa çevrilməməlidir. 

Qız övladının pozğun olmaması üçün o mütləq təhsil almalıdır. Pisi-yaxşını anlamalıdır, insanları, cəmiyyəti tanımalıdır. Yoxsa dörd divar arasında böyüdükcə asanlıqla pis insanların qurduğu tələyə düşəcəklər. Axı heç bir valideyn əbədi deyil. 

Qız övladı günəşdi, qız övladı sevgidir, qız övladı yüzlərlə sonsuz olan insanlar üçün taleyin hədiyyəsidir. Arzu olunan xəyaldır. Əgər sizin evinizdə belə bir hədiyyə varsa, nə xoş sizə. 

Onu sevin, onu qoruyun, onun arzuları üçün yaşayın, onunla birgə dünyanı fəth edin. Onunla birgə yeni dünya qurun. Bu yeni dünyada heç bir qadın əzilməsin, heç bir qız uşağı təhdid olunmasın.