İşğaldan azad edilmiş ərazilərində şəhərsalmanın planlaşdırılması müzakirə edildi - FOTO

12:55 23-02-2021 21

Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 22 fevral tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin birgə təşkilatçılığı ilə video-formatda görüş təşkil edilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Mədəniyyət Nazirliyinin nümayəndələri Qarabağın yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası və restavrasiyası sahəsində görülən işlər və əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Daha sonra, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəvəti ilə görüşdə iştirak edən bir sıra dövlət təşkilatının və iş adamlarını təmsil edən assosiasiyalarının təmsilçiləri çıxış edərək fəaliyyətləri və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı ilə bağlı göstərə biləcək xidmətlər barədə ümumi məlumat verdilər. 

Belə ki, görüşdə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəsmiləri ilə yanaşı bir neçə İtaliya şirkəti ilə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.