Rusiyalı ekspert: “Erməni əsgərlər sadəcə səngərdə otururdular, qarşı tərəf isə onları məhv edirdi”

16:50 22-02-2021 26

Erməni hərbi ekspert Edik Baqdasaryan Ermənistanın məğlubiyyətinin səbəblərini izah etməyə çalışarkən son dərəcə mübahisəli bir məqalə ilə çıxış edib. O, Ermənistan ordusunun hər zaman verilən tapşırıqları yerinə yetirdiyini deyərək, məğlubiyyətdə hərbçiləri günahlandırmağa çağırıb. Sonra isə bildirib ki, qarşı tərəfi tükətmək və döyüşü dayandırmağa məcbur etmək üçün kifayət qədər silahları olub. Ardınca da ordudakı qarışıqlıqdan, zirehli gödəkçə çatışmazlığından, dəstə komandirinin kimliyi, hansı vəzifəni həll etməli olduğunu anlamağın mümkünsüzlüyündən danışıb.

Media.Az bununla bağlı tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauerdən münasibət öyrənib.

O, bildirib ki, həqiqətən də Ermənistan ordusunda dəhşətli bir qarışıqlıq və hərc-mərclik olub:

“Bəli, silahları çox idi. Amma... köhnə. Onların əksəriyyətinin yararsız olduğu ortaya çıxdı. Sonda hərbçilər onları tullayıb qaçdılar”.

Ekspert zirehli texnikalar daxil olmaqla çox sayda silah-sursatın qənimət olaraq Azərbaycan tərəfinin ələ keçirdiyini xatırlatdı:

“Hərbçilər niyə texnikaları atıblar? Səbəb sadədir: tankda və ya zirehli transportyorda oturmursunuzsa, o zaman yüksək dəqiqlikli döyüş sursatı ilə məhv olunacaqsınız. Əgər onu tərk edib piyada gedirsizsə, yüksək dəqiqlikli döyüş sursatı ilə vurulmaq təhlükəsi azalır. Bu, xüsusən insanlar bu texnikada oturanda, döyüşəndə ​​və ölə biləcəklərini görəndə məntiqi bir reaksiyadır. Texnikanı atsalar yaşamaq üçün şans yaranır”.

Müsahib Bakıda keçirilən paradda istismara yararlı coxlu sayda texnikanın nümayişini erməni hərbçilər arasında müəyyən mərhələdə mənəvi problemlərin başladığının göstəricisi olduğunu vurğuladı.

“Bəli, Ermənistan ordusu çoxlu silahlara sahib idi, lakin onlar Azərbaycan silahlarından daha zəif idi. Azərbaycan ordusunda ən yaxşı texnika, ən yaxşı təşkilatçılıq və yaxşı təlim keçmiş hərbçilər var idi, üstəlik özlərinin hərbi-texniki üstünlüklərini də görürdülər”, - deyə ekspert bildirdi.

O, hücumlar zamanı yalnız dronların istifadəsini həlledici olmadığını, onların əsasən artilleriya atəşinə kömək etdiyini vurğuladı.

“Bir çox erməni sonradan qarşı tərəfə bir dəfə də olsun atəş aça bilmədiklərini etiraf etdi. Onlar sadəcə səngərdə otururdular, qarşı tərəf isə onları məhv edirdi”, - deyə Pavel Felqenqauer bildirib.