Fuad Hüseynəliyev: Arayik ryazanlı keşişin əli ilə sülhməramlıları necə tələyə salır - FOTO

16:30 21-02-2021 19

Rusiyalı din xadimi separatçıların Xankəndində dünən keçirilmiş mitinqinə qatılıb. Tədbirə rus sülhməramlılarının geyimində gələn keşiş hərbi cinayətkar Vitali Balasanyanın yanında dayanıb.

Bu barədə “Caliber” layihəsinin “Telegram” kanalında məlumat verilib.  

Məlumata əsasən, separatçılara simpatiyası ilə seçilən bu personaj fevralın 24-dək Qarabağ ərazisindən çıxarılaraq öz doğma yurduna – Ryazan şəhərinə göndəriləcək.

Bu ərəfədə isə “müqəddəs ata” qədim alban məbədi olan Xudavəngi ziyarət etmək fikrinə düşüb. Lakin hərbçilərimiz keşişə tapşırıblar ki, bir daha onların güzünə görünməsin.

Artıq rusiyalı sülhməramlılar da din xadimindən üz döndərərək, onun hərbi geyimi özbaşına şəkildə Xankəndindəki mağazadan aldığını bildirilblər.

Bir sözlə, bütün bu məlumatlardan belə anlaşılır ki, qarşımızda dahi Aleksanr Sergeyeviç Puşkinin “Kahin və onun işçisi Balda haqqında nağıl” əsərinin klassik personajı dayanıb. Nağılda kahin alnına üç çırtma vurulması qarşılığında bütün işləri görməyə hazır olan bir usta tapır və hətta onu da aldadıb “ödənişsiz” işlətmək istəyir.

Və yaxud da başqa bir nümunə - İlf və Petrovun “12 stul” əsərindəki Fyodor ata. Bu personaj stulda gizlədilmiş brilliant qaşlar xatirinə öz müqəddəs borcunu unudaraq, ölüm ayağında olan bir xanımın etiraflarından dünya malını ələ keçirmək üçün istifadə edir.    

Maraqlıdır, görəsən Arayik və komandası Rusiya sülhməramlı kontingentinin “müqəddəs ata”sına ölkəsinin maraqlarını satmaq qarşılığında nələr vəd edib?

Həm də axı bu keşiş təkcə Rusiyanın yox, həm də qriqoryan ermənilərini haqq yolundan azmış kafir hesab edən pravoslav kilsəsinin maraqlarını satıb.

Əgər o xəbərlərlə azca da olsa maraqlansaydı, ermənilərin işğal etdikləri ərazilərdəki – Şuşadakı, Xocavənddəki və digər yerlərdəki pravoslav kilsələrə qarşı hansı vəhşiliklər etdiyini görərdi. Əvvəllər bu faktları gizlətmək mümkün olsa da, Azərbaycan torpaqlarının azad edilməsindən sonra erməni vandallarının bütün digər xalqlara və fərqli dini baxışlara qarşı nifrəti əyani şəkildə üzə çıxdı. Həqiqəti anlamaq üçün azacıq istək və ağıl gərəkdir. Amma Ryazandan olan “qəhrəmanımız” üçün deyəsən bu da çətin məsələdir. Axı qarşımızdakı personaj eynilə Puşkinin nağılındakı kahin kimi piylənmiş qarnından uzağı görə bilmir.

İnsan necə ağılsız olmalıdır ki, utopik arzularla yaşayan bir qrup şəxsin təxribat xarakterli toplantılarında iştirak etməyi ilə Rusiyanın bölgədəki sülhməramlı siyasətini və bütövlükdə Rusiya Federasiyasının Qarabağ məsələsindəki qərəzsizliyini sual altına qoyduğunu anlamasın.

Onsuz da Azərbaycanın cənab Muradova (Rusiya sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradov) kifayət qədər sualı var. Onun tabeliyində olan sülhməramlılar tez-tez unudurlar ki, əsas vəzifələri sülhün bərqərar olunmasına müvəqqəti olaraq (!) yardım etmək, qaçqınların, ilk növbədə də məhz 30 il bundan öncə Xankəndi, Ağdərə, Xocavənd, Xocalıdan qovulmuş azərbaycalı qaçqınların öz yaşayış yerlərinə qayıtmasını təmin etməkdir. Bunun əvəzində biz yalnız erməni əhaliyə məskunlaşma, yaşayış evlərinin tikintisi və bu kimi işlərdə yardımını görürük. Həmin erməni əhali isə bəzi cinayətkar ünsürlərin təsiri ilə Azərbaycan vətəndaşı olduqlarını unudur. Onlar yaddan çıxarırlar ki, istənilən separatçılıq meyllərinın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən dərhal alınacaq.

Axı sülhməramlı missiya üçün müəyyən olunmuş beş illik müddət məhz ermənilərin Azərbaycan Respublikasının qanuni hakimiyyəti altında yaşamağa uyğunlaşması məqsədilə verilib. Lakin erməni tərəfi sülhməramlı missiyanın mahiyyətini təhrif etməyə cəhd göstərir və açıq desək, sülhməramlılar özləri də, bəzən bilmədən, bəzən sə ürək yumşaqlığından, yaxud da hansısa maddi maraq naminə bu cəhdlərə şərait yaradırlar.  

Deməli,  Kreml və Şoyqunun idarəsində Qarabağdakı bütün sülhməramlılara siyasi davranışlar mövzusunda daha ciddi təlimat verməlidir. Hər halda, artıq bu kimi hallar sülh missiyasının müddətinin uzadılmasını mənasız edir. Üçtərəfli razılığa əsasən, missiyanın fəaliyyəti beş il müddətilə məhdudlaşır, lakin onun daha beş il uzadılması imkanı var. Halbuki missiyanın üç aylıq fəaliyyəti belə Azərbaycanın sülhməramlı kontingentin yerləşdirilmə müddətini uzatmaqdan imtina etməsi üçün kifayətdir. Ermənilər Qarabağ ərazisində yaşamaq üçün Azərbaycan vətəndaşlığını tanımaqdan başqa bir yolun olmadığını nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır. Onlar anlamalıdırlar ki, Arayik Aratunyan və ya Vitali Balasanyan kimi ayrı-ayrı terrorçu elementlərin utopik fikirlərinə görə “Harop” və “Bayraktar” səslərini yenidən eşitmək riski ilə qarşılaşı bilərlər.

P.S. Cənab Muradova Rus Pravoslav Kilsəsi Moskva Patriarxlığının Bakı-Azərbaycan Yeparxiyasından sülhməramlı kontingent üçün bir ruhani cəlb etməsini məsləhət görürük. Əminik ki, Arxiyepiskop Aleksandr sülhməramlı heyəti yüksək səviyyədə təhsil almış, həm Allah, həm də insanlar qarşısında vəzifələrini vicdanla yerinə yetirəcək din xadim ilə təmin edəcək.

Fuad Hüseynəliyev,

Oxu.az saytının baş redaktoru