TANAP-ın illik nəqletmə gəliri 1,5 milyard dolları keçəcək

14:45 14-01-2021 19

2022-ci ildə TANAP tam gücü ilə fəaliyyət göstərəcək, bununla da onun illik nəqletmə gəliri 1,5 milyard dolları keçəcək.

Bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

Trans Adriatik Boru (TAP) kəməri layihəsinin 2020-ci il 31 dekabr tarixindən etibarən qazın nəqlinə start verildiyini əlavə edən S.Düzyol bildirib ki, bu günə qədər Avropaya 10,9 milyon kub metr qaz nəql olunub.

Baş direktor qeyd edib ki, TANAP-ın illik nəqləetmə gücü 16 milyard kub metrdir, lakin, əlavə investisiyalarla bunu 31 milyard kub metrə çatdırmaq mümkündür.  

Qeyd edək ki, TANAP Türkiyə-Gürcüstan sərhədində birbaşa Cənubi Qafqaz Boru Kəməri ilə, Türkiyə-Yunanıstan sərhədində isə TAP-la birləşir. TANAP-la bağlı Azərbaycan və Türkiyə respublikaları arasında Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb.

TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil edilən təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir.

TANAP-ın təməlqoyma mərasimi 17 mart 2015-ci il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 1804 km təşkil edir və 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlayıb. İlkin nəql qabiliyyəti illik 16,2 milyard kub metrdir. 

Nigar Məmmədova