Azərbaycan diplomatiyasının növbəti uğuru

11:25 14-01-2021 9

Yəqin ki, 11 yanvar 2021-ci il Azərbaycan diplomatiyası tarixində uğurlu bir gün kimi yadda qalacaq. Həmin gün Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli görüşü bir çox cəhətdən ölkəmiz üçün əhəmiyyətli oldu. Heç şübhəsiz ki, bu görüşün məqsədi 10 noyabr 2020-ci il bəyannaməsindən sonra bəzi məsələlərlə bağlı yaranmış boşluqları doldurmaq və diqqəti qarşıdakı aylarda görüləcək işlərə yönəltməkdən ibarət idi.

Birinci növbədə qeyd etmək lazımdır ki, arxada qalan 44 günlük müharibədən və əvvəlki sazişdən sonra bu, hər üç tərəfin birgə keçirdiyi ilk görüş idi. Sözsüz ki, tərəflərin masada müzakirəyə çıxaracaqları kifayət qədər məsələlərin olması, onlara cavab tapılması, həmçinin qarşılıqlı etirazlar qabaqcadan söhbətin gərgin keçəcəyindən xəbər verirdi. Təsadüfi deyil ki, dörd saatlıq görüşün nəticəsi kimi, bu dəfə dörd bənddən ibarət bəyannamə imzalandı. Moskva görüşünə Azərbaycan Prezidentinin necə qatılması və Ermənistan baş nazirinin hansı əhval-ruhiyyədə gəlməsi isə ən böyük maraq doğuran və diqqət yetirilən məsələlərdən idi.

Birincisi, biz öz dövlət başçımızı qalib tərəfin nümayəndəsi kimi görməkdən çox məmnun idik. Onsuz da İkinci Qarabağ savaşında Silahlı Qüvvələrimizin Ali Baş Komandanı əsl sərkərdə məharəti, yüksək diplomatik bacarıq nümayiş etdirmişdi. Bu, Moskva görüşündə də bir daha özünü göstərdi. Cənab Prezidentin çıxışında inamlı və qətiyyətli fikirlərini sezmək elə də çətin deyildi.

“Artıq Dağlıq Qarabağ konflikti keçmişdə qaldı, indi gələcək barədə düşünmək lazımdır” sözləri həm də Ermənistan tərəfə növbəti humanist jest idi. Yəni loru dildə desək, ağlınızı başınıza yığın və bizim təklif elədiyimiz iqtisadi layihələrə qoşulun. Digər tərəfdən Ermənistanın ayrı bir çıxış yolu da yoxdur. Di gəl, onların vəziyyəti düzgün qiymətləndirmək, ən optimal yolu seçmək problemləri var. Üstəlik erməni cəmiyyətinin Paşinyana olan qəzəbi soyumaq bilmir. Sanki müharibədəki məğlubiyyətin yek səbəbkarı baş nazirdir. Halbuki heç də belə deyil və mövzudan yayınmamaq üçün qayıdaq Moskva görüşünə.

Məğlub tərəfi təmsil edən və 10 noyabrda kapitulyasiya aktına imza atan Nikol Paşinyanın üçtərəfli görüşdə vəziyyətini təsəvvür etmək elə də çətin deyil. İstisna edilmir ki, dörd saatlıq söhbət zamanı qarşı tərəfin Azərbaycana qarşı kifayət qədər iddiaları irəli sürülüb. Bu əsassız iddiaların ölkə başçısı İlham Əliyev tərəfindən necə və hansı məntiqlə rədd edilməsini də göz önünə gətirmək olar. Baxın, Paşinyan 10 noyabr bəyannaməsindən sonra Ermənistanın Şirak vilayətindən göndərilmiş 62 nəfər diversiyaçını hərbi əsir kimi qələmə verir və heç olmasa, İrəvana bu məsələni həll edib qayıdacağına ümid bəsləyir. Heç bu riyakarlıq da keçmədi.

Ümumiyyətlə, Moskva görüşünü birmənalı olaraq Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirmək olar. Çünki görüş Azərbaycan tərəfinin maraqları və real istəkləri çərçivəsində keçdi. Doğrudur, qarşıda bizim hədəflədiyimiz bəzi məsələlər də hələ öz həllini tapmayıb. Amma hadisələrin gedişatı onu göstərir ki, biz doğru yoldayıq və qalan problemlərin həllində də təmkin, səbir nümayiş etdiririk. Necə ki, Moskvada da əsas Azərbaycan tərəfinin şərtləri qəbul olundu. Başqa məntiqdən yanaşsaq, əgər belə olmasaydı, onda üçtərəfli görüş də baş tutmazdı. Artıq üçtərəfli işçi qrupunun, habelə ekspert yarımqruplarının yaradılmasına qərar verilib. Əlbəttə, belə qruplar yəqin ki, müəyyən məsələlərin daha tez həll olunmasında öz rolunu oynayacaq. Yeri gəlmişkən, Moskva görüşünə Rusiya mətbuatının yanaşması da diqqət çəkir. Onların çoxu bu görüşün üçtərəfli dövlətlərin gələcək inkişafında müsbət təsir oynayacağını vurğulayır. Məsələn, Rusiyanın tanınmış politoloqu və hərbi eksperti İqor Korotçenko Ermənistanın regionda iqtisadi layihələrə qoşulmasının zəruriliyini vurğulayır. Yaxud, Rusiya Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sergey Markov da bu görüşün qarşıdakı dövr üçün çox əhəmiyyətli olmasından bəhs edir. Artıq növbəti addım atılıb.

Ümid etmək olar ki, nəqliyyat kommunikasiyalarının açılması regionda həm sülhə, həm də iqtisadi yüksəlişə səbəb olacaq. Ermənistanın seçimi isə öz əlindədir. Əgər onlar düzgün yolu qoyub, yenə Azərbaycana qarşı hər hansı təxribatçılıq hərəkətləri etsələr, onda “dəmir yumruq” yenidən işə düşəcək. Bir məsələyə toxunmağı da vacib sayıram. Onsuz da Azərbaycan tərəfinin də öz müəyyən narazılıqları var. Bu, ilk növbədə bölgəyə bəzi rəsmilərin Azərbaycan tərəfindən icazə almadan səfərləri ilə bağlıdır. Təbii ki, ölkə Prezidenti Moskvadakı söhbətlərdə bu məsələni xüsusi vurğuladı və bunun yolverilməz olduğunu diqqətə çatdırdı. Görüşün yekunlarının nəticə etibarı ilə Azərbaycan üçün hər cəhətdən əlverişli olması isə istisnasızdır. 

Əliabbas Salahzadə, millət vəkili