ABŞ-da nə baş verir? - Politoloq ŞƏRH etdi

14:35 13-01-2021 12

ABŞ öz müasir tarixinin ən ağır dövrünü yaşayır. Hazırkı Prezident Tramp yeni seçilmiş prezident Baydenin andiçmə mərasiminə görə Vaşinqtonda yanvarın 24-dək fövqəladə vəziyyət elan edib. Paytaxta milli qvardiya hissələri yeridilib. Trampın özünə qarşı isə impiçment prosedurunun başlanması tələb olunur.

“Demokratiyanın dirəyi” adlandırılan ölkədə nələr baş verir? Bu barədə Media.Az ABŞ-ın Tennessi Universitetinin politoloqu, professor Andrey Korobkovla söhbət edib.

Professor okeanın o tayında baş verənləri uzun bir prosesin nəticəsi olaraq qiymətləndirib:

“Əslində məsələnin kökündə ABŞ-in demoqrafik problemləri dayanır. Belə ki, ölkədə demokratik sistemin qurulduğu ilkin vaxtlarda afroamerikalı vətəndaşların sayı ümumi əhalinin cəmi 12%-ni təşkil etdiyi halda, indi bu nisbət 50%-ə yaxınlaşır. 2045-ci il üçün hazırda say üstünlüyündə olan ağ əhali azlıqda qalacaq. Məhz bu amil ABŞ cəmiyyətində ciddi qütbləşmə yaradıb. Belə ki, “ağlar” heç də asanlıqla təslim olmaq və üstünlüklərini itirmək istəmirlər”.

Politoloqun sözlərinə görə, ABŞ-dakı qeyri-sabitlik bütün dünya, o cümlədən də post-sovet ölkələri üçün də təhlükəlidir.

“Çox təhlükəli vəziyyət yaranıb. Hazırda ABŞ dünya siyasətinin və iqtisadiyyatının mərkəzində dayanır. Bu ölkədə sabitliyin pozulması qlobal miqyasda ciddi problemlərə gətirib çıxara bilər. İndi ABŞ cəmiyyətində dialoqa və qarşılıqlı güzəştlərə ehtiyac var. Lakin buna nail olmaq çox çətin görünür”, -deyə A.Korobkov bildirib.

Professor əlavə edib ki, növbəti dörd ildə ABŞ-da yaşlı, öz rəqibləri qarşısında çox zəif üstünlüyə malik bir prezident olacaq. Əgər Bayden mərkəzçi siyasət yürütməyi bacarmasa, ölkə daxilində növbəti ictimai partlayışlar qaçılmaz olacaq.