Daşkəsən İcra Hakimiyyətindən şəhid məzarları ilə bağlı iddialara CAVAB

10:45 13-01-2021 12

Daşkəsən sakinləri rayonun Şəhidlər Xiyabanında natəmizlikdən şikayət edirlər.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Məlumatda iddia edilir ki, Rayon İcra Hhakimiyyəti şəhidlərin dəfninə və məzar daşlarının qoyulmasına laqeyd yanaşır. İddiaya görə, şəhid ailələrinin istəkləri nəzərə alınmır.

Məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinə (RİH) müraciət etdik.

milletinsesi.info-ın sorğusuna cavab olaraq, RİH başçısının müavini Vüqar Məmmədov bildirib ki, məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, bu barədə bir ay əvvəl də qərəzli məlumatlar yayılmışdı:

“Daşkəsən rayonunun Şəhidlər Xiyabanında şəhidlərimizin məzar daşlarının niyə qara deyil, ağ mərmərdən hazırlanması ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Burada şəhidlərə və ya ailələrinə qarşı laqeyd münasibətdən söhbət gedə bilməz. Nəzərinizə çatdırım ki, Daşkəsən rayon Şəhidlər Xiyabanında 1990-cı illərdə dəfn edilən 14 şəhid məzarı var. Onların hər biri ağ mərmərdən hazırlanıb.

İkinci Qarabağ müharibəsində isə Şəhidlər Xiyabanında 24 şəhidimiz dəfn olunub. Dörd şəhid isə ailələrinin istəyi ilə Gəncə şəhərinə aparılıb və orada torpağa tapşırılıb. Məzar daşlarının ağ mərmərdən hazırlanması isə ailələrinin öz istəyi və razılığı ilə əlaqəlidir.

Hazırda İkinci Qarabağ müharibəsi şəhid olan 24 əsgərin də məzar daşları götürülüb. Bütün bunlar birbaşa Daşkəsən Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilib. Şəhidlərimiz bizim üçün dəyərlidir, onların xatirəsi hər zaman hörmətlə anılır. Şəhid ailələrinə isə mütəmadi olaraq zəruri olan yardım və qayğı göstərilir”.

“Sözügedən videonu lentə alan şəxs şəhidlərdən birinin bibisi olub və həmin şəhidin də məzar daşı 20 gün bundan əvvəl götürülüb”, - deyə Vüqar Məmmədov qeyd edib.

Könül Cəfərli