Qırğızıstanın keçmiş Xarici İşlər Naziri: “Azərbaycan qələbəni çətin geosiyasi şəraitdə əldə etdi” - MÜSAHİBƏ

13:45 20-11-2020 20

Qırğızıstan Azərbaycan ordusunun öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsini alqışlayır.

Bu sözləri Media.Az-a açıqlamasında Qırğızıstanın keçmiş Xarici İşlər Naziri, qırğız diplomatı və dövlət xadimi, məşhur yazıçı Çingiz Aytmatovun oğlu Əskər Aytmatov deyib.

Xatırladaq ki, Qarabağla bağlı çərçivə sazişi sənədinin imzalanması xəbərindən qısa müddət sonra Qırğızıstanda Əskər Aytmatovun rəhbərlik etdiyi Azərbaycanın Qırğız Dostları Klubu yaradılıb. Belə bir klubun təsis edilməsi barədə ideya hətta Qarabağdakı Vətən müharibəsi başlamazdan əvvəl ortaya çıxıb.

Azərbaycanın Qırğız Dostları Klubunun tərkibinə Qırğızıstan Respublikası Prezidentinin Joqorku Keneşdə səlahiyyətli nümayəndəsi Kurmanbek Dıykanbayev, biznes sahəsinin nümayəndələri, mədəniyyət xadimləri, Qırğızıstan Respublikası prezidentliyinə namizədlər, o cümlədən tanınmış ictimai və siyasi xadim Toktayım Umetaliyeva və bir çox başqaları daxildirlər.

Əskər Aytmatovun sözlərinə görə, Qırğızıstan Respublikasının onlarla görkəmli nümayəndəsi Azərbaycanın Qırğız Dostları Klubunun təsis konfransında iştirak edib. Onların sayı daha çox ola bilərdi, amma ölkədə koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməsində məhdudiyyətlər var.

“Klubun məqsədi xalq diplomatiyası vasitəsi ilə qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə kömək etməkdir. Ümid edirəm ki, biz buna nail olacağıq. Mənim Azərbaycana böyük sevgim var, dəfələrlə sizin ölkənizdə olmuşam. Atam Çingiz Aytmatovun yaradıcılığını xatırladığınızı və sevdiyinizi bilirəm. Bu mənim üçün vacib bir amildir”, - deyə Ə.Aytmatov qeyd edib.

- Qarabağla bağlı sual verməyə bilmərəm, çünki klub döyüş əməliyyatları bitəndən az sonra yaradıldı. Qırğızıstanda Azərbaycan xalqının Vətən müharibəsi haqqında nə düşünürlər?

- Klubun təsis konfransında Azərbaycan rəhbərliyinin, Azərbaycan ordusunun öz ərazilərinin suverenliyini bərpa etmək səylərinə dəstək ifadə edildi. Azərbaycanın işğal altındakı ərazilərini azad etməsi əməliyyatı Qırğızıstan cəmiyyəti tərəfindən tam dəstək aldı və anlayışla qəbul edildi.

Planlaşdırdığımız tədbirlər haqqında danışmaq istəyirəm. Bu ilk növbədə klub üzvlərinin Azərbaycana səfərinin təşkilidir. Biz işğaldan azad edilmiş əraziləri ziyarət etmək istəyirik. Bu, Azərbaycan xalqına dəstək və həmrəyliyin ifadəsi olacaq. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin bərpası üçün proqramların həyata keçirilməsində təkliflərimizi vermək istəyirik. Tikinti şirkətlərimiz, müxtəlif sahələrdə mütəxəssislərimiz var. Ümid edirəm təklifimiz Azərbaycan tərəfindən dəstəklənəcək.

- Siz təcrübəli diplomatsınız. Ay yarımlıq döyüşlərin nəticələri və Qarabağla bağlı çərçivə sazişi barədə nə deyə bilərsiniz?

- Bunu birmənalı olaraq Azərbaycanın qələbəsi adlandırmaq olar, bununla əlaqədar bütün Azərbaycan xalqını təbrik edirəm. Qələbə çətin geosiyasi şəraitdə, kənar oyunçuların iştirakı ilə əldə edildi.