Füzulidə məscidin açılışı 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlinə planlaşdırılır – Türkmənistan səfiri

Baş səhifə

Bakı. Trend:

Türkmənistanın Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində
inşa edilən məscidin açılış mərasiminin 2026-cı ilin sonu və ya
2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır.

Trend-in
müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistanın
Azərbaycandakı səfiri Qurbanmammet Elyasov Türkmənistanın
müstəqilliyinin 35-ci ildönümü münasibətilə Bakıda keçirilən
təntənəli qəbulda bildirib.

“Hazırda Füzuli şəhərində məscidin tikintisi həyata keçirilir.
Məscidin açılış mərasiminin bu ilin sonunda və ya gələn ilin
əvvəlində keçirilməsi planlaşdırılır”, – deyə səfir qeyd edib.

O bildirib ki, məscidin tikintisi Türkmənistan və Azərbaycan
arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir və iki ölkə
arasında dostluq, qardaşlıq münasibətlərinin rəmzi kimi
qiymətləndirilir.

“Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il
iyunun 22-23-də Azərbaycana dövlət səfəri zamanı tərəflər
ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş
bir sıra sənədlər imzalayıblar.

Mədəni-humanitar əməkdaşlıq iki ölkə arasında qarşılıqlı
fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalır. Belə ki,
2025-ci ilin oktyabrında Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti
Günləri, 2026-cı il iyunun 5-dən 7-dək isə Aşqabadda və Arkadağda
Azərbaycan Mədəniyyəti Günləri keçirilib”, – deyə səfir qeyd
edib.