
Bakı.Trend:
Tanınmış ictimai xadim, “Qarabağ xristianları hərəkatı” İctimai
Birliyinin rəhbəri və Ermənistanla Azərbaycan arasında Sülh naminə
Vətəndaş Platformasının həmsədri Artur Ağacanov rəhbərlik etdiyi
hərəkatın nümayəndələri ilə birlikdə bəyanat yayıb.
Xatırladaq ki, əslən Qarabağdan olan hərəkat iştirakçıları Artur
Ağacanovun rəhbərliyi ilə uzun illərdir iki əsr ərzində
erməniləşdirməyə məruz qalmış etnomədəni və dini kimliklərinin
bərpası və qorunması uğrunda mübarizə aparırlar. A.Ağacanovun
maraqlarını təmsil etdiyi Qarabağ alban-xristianları türk, qıpçaq
mənşəli olub, qədim zamanlardan alban xristianlığını qəbul ediblər.
Daha sonra onlar Eçmiədzində yerləşən erməni kilsəsinin Alma-Materi
(ana mərkəzi-red) tərəfindən kilsə və mədəniyyət baxımından
assimilyasiyaya məruz qalıblar.
Bəyanatda, xüsusilə, deyilir:
“Biz bu gün müxtəlif ölkələrdə yaşayan bir qrup Qarabağ
türk-xristianı olaraq uzun illərdir erməniləşdirməyə və təqiblərə
məruz qalmış etnik və dini kimliyimizin bərpası və qorunması
uğrunda mübarizə aparırıq. Hərəkatımız özünəməxsus mədəni və mənəvi
irsimizin qorunmasına kömək göstərilməsi xahişi ilə dəfələrlə
BMT-yə, UNESCO-ya, Avropa və digər beynəlxalq təşkilatlara müraciət
edib. Təəssüf ki, ötən illər ərzində gözlədiyimiz cavabı ala
bilməmişik. Buna baxmayaraq, ümidimizi itirmir və fəaliyyətimizi
davam etdiririk.
Xarici diplomatların bu yaxınlarda Qarabağda yerləşən – Qafqaz
Albaniyasının tarixi irsinin ayrılmaz hissəsi – Gəncəsər və
Xudavəng məbəd komplekslərinə səfəri erməni cəmiyyətində, Erməni
Kilsəsi dairələrində, eləcə də siyasi xadimlər arasında geniş
rezonans doğurub. Səfərlə bağlı müzakirələr davam edir. Təəssüf ki,
erməni tərəfi hələ də tarixi reallığı qəbul etmək istəmir.
Azərbaycanın Qarabağ üzərində nəzarətini bərpa etməsi onun çoxqatlı
mədəni-tarixi irsinin, o cümlədən alban xristian irsinin
öyrənilməsi, qorunması və dirçəldilməsi üçün imkanlar açır.
Biz Eçmiədzinin və bütövlükdə Ermənistanın Qarabağın və ətraf
ərazilərin qədim alban irsinə dair iddialarını əsassız hesab
edirik. Xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban
Avtokefal Kilsəsinin kökləri Yerusəlim və İsanın həvariləri ilə
əlaqəli erkən xristian təbliğinə gedib çıxır. Qafqaz Albaniyasında
xristianlığın yayılması eramızın I əsrindən başlayıb. Qafqaz
Albaniyası dövləti Urnayırın hakimiyyəti dövründə, 313-cü ildə
xristianlığı rəsmi olaraq qəbul edib. Bu, Qafqaz Albaniyası
əhalisini birləşdirən mühüm amilə çevrilib.
XVIII–XIX əsrlərdə alban kilsə ənənəsinin vəziyyəti Cənubi
Qafqazda Rusiya imperiyasının hərbi-siyasi ekspansiyası və iki
Rusiya-İran müharibəsinin nəticələrinə əsasən regionun əhəmiyyətli
hissəsində onun hakimiyyətinin qurulması ilə əlaqədar ciddi
dəyişikliklərə məruz qalıb. Həmin müharibələr 1813-cü ildə Gülüstan
və 1828-ci ildə Türkmənçay sülh müqavilələrinin imzalanması ilə
başa çatıb. Rusiya imperiyası hakimiyyətinin 1836-cı ildə alban
katolikosluğunu ləğv etmək və onun kilsə strukturlarını Eçmiədzinin
yurisdiksiyasına vermək barədə qərarı xüsusi əhəmiyyət daşıyıb.
Məhz həmin vaxtdan müxtəlif etnosların nümayəndələrini, o
cümlədən əcdadlarımız olan və qədim zamanlardan Qarabağın cənubunda
kompakt şəkildə yaşayan türk və qıpçaqları birləşdirən alban
xalqının etnik kimliyinin itirilməsi və erməniləşdirilməsi kimi
faciəli proses başlayıb.
Bu fikirləri dəstəkləyən məqamlardan biri kimi məşhur
kinorejissor, “Mosfilm” kinokonserninin baş direktoru və idarə
heyətinin sədri Karen Şahnazarovun çıxışlarına diqqət çəkirik. O,
öz əcdadlarının Məlik Şahnazar nəslindən olması və türk kökləri
barədə açıq şəkildə danışıb.
Şanlı əcdadlarımız olan qıpçaqlar həmişə udinlər və Qafqaz
Albaniyasının digər xalqları ilə qohumluq əlaqələri qurublar,
haykan (erməni) xalqının və kilsəsinin nümayəndələri ilə isə
yaxınlaşmaqdan çəkiniblər. Əsrlər boyu baş verən dəyişikliklərə
baxmayaraq, etnik və mənəvi özünüdərkin qorunub saxlanmış
elementlərini gələcək nəsillərə ötürməyə çalışırıq.
Azərbaycana Qarabağın bərpasında, məbədlərinin, o cümlədən qədim
Alban Kilsəsinin qorunmasında və Qafqaz Albaniyasının qədim
xristian irsinin hərtərəfli öyrənilməsində uğurlar
arzulayırıq”.

