CINEA “Avropanı Birləşdirən Mexanizm” çərçivəsində nəqliyyat layihələri üzrə ümumi məbləği 3 milyard avro olan müraciətlər alıb

Baş səhifə

Bakı.Trend:

Avropa İqlim, İnfrastruktur və Ətraf Mühit üzrə İcra Agentliyi
(CINEA) “Avropanı birləşdirən mexanizm” (CEF) çərçivəsində
nəqliyyat layihələrinin birgə maliyyələşdirilməsi üçün ümumi
məbləği təxminən 3 milyard avro olan 246 müraciət alıb.

Avropa Komissiyasının saytında dərc olunan məlumata görə, tələb
olunan maliyyələşdirmə məbləği nəzərdə tutulan 1,1 milyard avroluq
büdcəni təxminən 2,69 dəfə üstələyir.

Qeyd olunub ki, 2026-cı il üzrə CEF Transport müsabiqəsinə
müraciətlərin qəbulu oktyabrın 6-da başa çatıb.

“Agentlik növbəti mərhələdə müraciətlərin müəyyən edilmiş
tələblərə və uyğunluq meyarlarına cavab verib-vermədiyini
yoxlayacaq. Daha sonra uyğun hesab edilən layihələr müstəqil xarici
ekspertlər, Avropa Komissiyası və CINEA tərəfindən
qiymətləndiriləcək.

Müraciət edənlərin qiymətləndirmənin nəticələri barədə 2027-ci
ilin martında məlumatlandırılması gözlənilir. Seçilmiş layihələrin
həyata keçirilməsi üçün qrant müqavilələri isə 2027-ci ilin iyun
ayınadək imzalanacaq.




Seçilmiş layihələr Avropa İttifaqında və onun hüdudlarından
kənarda nəqliyyat infrastrukturunun tikintisinə və
modernləşdirilməsinə yönələcək. Onlar, həmçinin hərbi mobillik
imkanlarının artırılması da daxil olmaqla, Trans-Avropa Nəqliyyat
Şəbəkəsinin (TEN-T) inkişafına töhfə verəcək”, – məlumatda
bildirilib.

CEF Transport Avropa İttifaqının Trans-Avropa Nəqliyyat
Şəbəkəsinin formalaşdırılmasının tamamlanması və modernləşdirilməsi
üçün əsas maliyyə alətidir.

CEF çərçivəsində maliyyələşdirilən layihələr Avropa
Komissiyasının daha dayanıqlı, ağıllı və çevik nəqliyyat sistemi
yaratmaq konsepsiyasını dəstəkləyir və Avropa İttifaqının 2050-ci
ilədək iqlim neytrallığına nail olmaq məqsədinə xidmət edir.

2021–2027-ci illəri əhatə edən CEF proqramı çərçivəsində TEN-T
şəbəkəsində həyata keçirilən və ümumi maraq kəsb edən nəqliyyat
layihələrinin dəstəklənməsi üçün 25,8 milyard avro vəsait nəzərdə
tutulub. CEF Transport üzrə ayrılan maliyyələşdirmənin təxminən 80
faizi Avropa İttifaqının öhdəliklərinə uyğun olaraq iqlim
məqsədlərinə nail olunmasına yönəldilir.

2014-cü ildən etibarən CEF-in dəstəyi ilə nəqliyyat sektorunda
ümumi dəyəri 46,54 milyard avro olan 1 943 layihə həyata
keçirilir.