Brüsselin Ermənistan güzəşti: iqtisadi dəstək, yoxsa siyasi hesab?

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının Ermənistandan gələn mallara tətbiq olunan
idxal rüsumlarının 80 faizini müvəqqəti olaraq ləğv etməsi
Brüsseldə “iqtisadi dəstək addımı” kiminümayiş etdrilir. İlk
baxışdan bu, Ermənistan istehsalçıları üçün Avropa bazarına çıxışı
asanlaşdıran sıradan bir ticarət qərarı kimi görünə bilər. Amma
qərarın sətraltına baxdıqda , mənzərə tamam fərqlidir. Burada
söhbət təkcə gömrük rüsumlarından getmir.

Qərarın vaxtı, müddəti və Aİ-nin Cənubi Qafqaz siyasətinin ümumi
istiqaməti bu addımın siyasi tərəfinin də kifayət qədər ciddi
olduğunu göstərir.

İllərdir Ümumdünya Ticarət Təşkilatının platformalarında “şəffaf
rəqabət”dən, “bərabər şərtlər”dən və “vahid ticarət qaydaları”ndan
danışan Avropa İttifaqı indi müəyyən ölkəyə genişmiqyaslı güzəşt
təqdim edir. Burada bir sual yaranır. Əgər bazara çıxış üçün əsas
meyar iqtisadi səmərəlilik və rəqabət qabiliyyətidirsə, bu cür
güzəştlər hansı prinsiplə müəyyənləşdirilir?

Avropa bazarı uzun illərdir məhsulun keyfiyyəti, təhlükəsizlik
göstəriciləri, texniki uyğunluğu, ekoloji və fitosanitar tələblərlə
bağlı sərt meyarları ilə seçilir. Bu tələblər Aİ ilə ticarət etmək
istəyən ölkələr üçün kifayət qədər ciddi maneələr yaradır. Amma
söhbət Brüsselin siyasi maraqlarına xidmət edən bir ölkədən
gedəndə, “həmin sərt və güzəştsiz standartlar” bir gecə içində
unudulur.

Azərbaycan uzun illərdir Avropa ilə enerji, nəqliyyat, logistika
və investisiya sahələrində geniş əməkdaşlıq qurur. Bakı Avropanın
enerji təhlükəsizliyində mühüm rol oynayır, Şərq-Qərb nəqliyyat
bağlantılarının inkişafında ciddi resurslar ortaya qoyur. Buna
baxmayaraq, regiondakı iqtisadi tərəfdaşlığa münasibətdə Brüsselin
hansı meyarları əsas götürdüyü məsələsi getdikcə daha çox önə
çıxır.

Çünki ticarət siyasəti yalnız rəqəmlərdən ibarət deyil. Verilən
güzəşt həm də siyasi mesaj daşıyır. Bir ölkəyə bazara çıxış
imkanlarını genişləndirən xüsusi şərtlər təqdim edilirsə,
regiondakı digər ölkələrin bundan kənar qalmasını düşünmək
çətindir.

Digər mühüm məsələ isə bu güzəştlərin Ermənistan iqtisadiyyatına
real təsiridir. Rüsumların azaldılması, müəyyən məhsulların Avropa
bazarında rəqabət imkanlarını artıra bilər. Amma bu o dmək deyil
ki, Ermənistanın kənd təsərrüfatı və ya bütövlükdə iqtisadiyyatı
avtomatik olaraq Avropa standartlarına yüksələcək.

Üstəlik, Avropa İttifaqı bu “hədiyyəni” cəmi 2 il müddətinə
verir. Çünki Brüsselin niyyəti uzunmüddətli tərəfdaşlıq yox, qarşı
tərəfi özündən asılı hala salmaqdır. Brüsselin dediyi ilə hərəkət
etməsən güzəşt dərhal ləğv olunacaq.

Məhz buna görə qərarı “Ermənistan iqtisadiyyatının xilas
edilməsi” kimi təqdim etmək də doğru olmaz. Avropa bazarına
müvəqqəti güzəştli çıxış ölkənin struktur problemlərini həll etmir.
İqtisadiyyatın dayanıqlı inkişafı üçün bazara çıxışdan daha vacib
olan məsələ həmin bazarda rəqabət apara biləcək istehsalın
formalaşdırılmasıdır.

Nəticədə ortaya belə bir mənzərə çıxır Aİ Ermənistana yalnız
iqtisadi imkan vermir, eyni zamanda regiondakı siyasi təsir
mexanizmlərindən birini də işə salır. Məsələ ondan ibarətdir ki,
iqtisadi güzəştlər siyasi yaxınlığın mükafatına çevriləndə,
Avropanın illərdir müdafiə etdiyi “bərabər oyun qaydaları” sual
altında düşür.

Cənubi Qafqazda yeni iqtisadi və siyasi reallıqlar formalaşdığı
bir vaxtda Brüsselin atdığı bu addım da həmin prosesin bir
hissəsidir. Artıq aydındır ki, müasir geosiyasətdə gömrük rüsumları
da sadəcə gömrük rüsumu olmur. Bəzən iqtisadi güzəştin arxasında
daha böyük siyasi hesab dayanır.