
Ağdam. Trend:
Nüfuzlu MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun
təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi heyətin Qarabağ və Şərqi
Zəngəzura səfəri çərçivəsində Ağdam şəhərinə səfəri başlayıb.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, 13 ölkəni təmsil edən beynəlxalq
səyyahlar Ağdamda ilk olaraq Cümə məscidini ziyarət ediblər.
Qonaqlara məscidin tarixi, işğaldan əvvəlki və işğal dövründəki
vəziyyəti barədə məlumat verilib.
Səyyahlar səfər çərçivəsində Ağdam şəhərində işğal zamanı
törədilmiş dağıntılarla, eyni zamanda hazırda aparılan
genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanış olacaqlar.
Heyət Ağdamda şəhərin digər tarixi və mədəni məkanlarını da
ziyarət edəcəklər.
15:00
xxx
Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar
klubunun 13 ölkədən olan, təxminən 40 nəfərlik heyəti Qarabağ və
Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərini ziyarət edib.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, səyyahlara MTP klubunun təsisçisi,
amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.
Beynəlxalq səyyahlar Şuşa səfərinə şəhərin mərkəzi meydanından
başlayıblar. Burada onlar Azərbaycanın görkəmli şəxsiyyətləri
Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş
heykəlləri ilə tanış olublar. Qonaqlara Şuşanın tarixi, işğal
dövründə şəhərdə törədilmiş dağıntılar, eləcə də işğaldan azad
edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri
barədə məlumat verilib.
Səyyahların diqqətinə çatdırılıb ki, işğal dövründə Şuşanın
tarixi-mədəni irsinə ciddi ziyan vurulub, şəhərdəki tarixi binalar,
məscidlər və digər abidələr dağıntılara məruz qalıb. Şəhərin azad
olunmasından sonra isə tarixi-mədəni irsin qorunması və Şuşanın
əvvəlki simasının bərpası istiqamətində genişmiqyaslı işlər həyata
keçirilir.
Səfər çərçivəsində qonaqlar Aşağı Gövhər Ağa məscidini,
Sadıqcanın ev-muzeyini, Xurşidbanu Natəvanın evini, Xan qızı
bulağının yerləşdiyi ərazini və Şuşanın qala divarlarını ziyarət
ediblər.
Səyyahlar daha sonra Cıdır düzündə olublar və buradan Şuşanın
mənzərəsini seyr ediblər.
Qeyd edək ki, bu, dünyanın müxtəlif səyyah klubları tərəfindən
2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində
təşkil olunan 17-ci səfərdir. Bu səfərlər beynəlxalq səyyahlara
işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri
ilə yerində tanış olmaq imkanı yaradır.
xxx
13:00
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, 13 ölkədən, o cümlədən ABŞ, Kanada,
Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olan beynəlxalq
səyyahlar Şuşaya gəliblər.
Səyyahlar şəhərə səfərləri çərçivəsində ilk olaraq İsa bulağını
ziyarət ediblər. Onlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın
tarixi və təbiəti barədə məlumat verilib.
Səfər çərçivəsində beynəlxalq səyyahların Şuşanın digər tarixi
və mədəni məkanlarını da ziyarət etmələri nəzərdə tutulur.
xxx
12:06
Xocavənd. Trend:
Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi
Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət
heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, səfərdə 13 ölkəni təmsil edən,
aralarında ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük
Britaniyanın da olduğu ölkələrdən təxminən 40 səyyah iştirak
edir.
Səfər çərçivəsində heyət Xocavənd rayonunda yerləşən Azıx
mağarasını ziyarət edib. Səyyahlara mağaranın tarixi, arxeoloji
əhəmiyyəti və burada aparılan tədqiqatlar barədə məlumat
verilib.
Bildirilib ki, Azıx mağarası Cənubi Qafqazın ən böyük əhəngdaşı
mağaralarından biri olmaqla yanaşı, Avrasiyanın qədim insan
məskənlərindən hesab olunur. Mağarada 1960-cı ildən Məmmədəli
Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı 14,5 metr
ümumi qalınlığa malik 10 mədəni təbəqə, minlərlə daş alət və fauna
qalıqları aşkar edilib. Burada insan məskunlaşmasının izləri
təxminən 1,2 milyon il əvvələ aid edilir.
Səyyahlara 1968-ci ildə mağarada aşkarlanan və 300-400 min il
əvvələ aid edilən qədim insanın – Azıxantropun alt çənə sümüyünün
fraqmenti, eləcə də 700-500 min il əvvələ aid daş divarla
əhatələnmiş ocaq barədə məlumat verilib.
Qeyd olunub ki, Azıx mağarası 2021-ci ildə Tağlar mağarası ilə
birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına
daxil edilib.
Heyətə işğal dövründə mağarada aparılan arxeoloji tədqiqatlar
barədə də məlumat verilib. Bildirilib ki, 2002-ci ildən etibarən
Azərbaycanın razılığı olmadan mağarada Ermənistan arxeoloqları və
xarici tədqiqatçıların iştirakı ilə qazıntı işləri aparılıb və əldə
olunan arxeoloji materiallar Ermənistana aparılıb.
Hazırda Azıx mağarasında AMEA-nın Arxeologiya və Antropologiya
İnstitutu ilə Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA)
arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit
Arxeoloji Ekspedisiyası tərəfindən tədqiqatlar davam etdirilir.
Bildirilib ki, ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı,
daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci
girişində – “Azıx 2”də əvvəllər məlum olmayan geniş qalereya aşkar
edilib. 2025-ci ildə III təbəqədən götürülmüş nümunələrin OSL
(Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min
il əvvələ aid olduğu müəyyənləşdirilib.
Bu səfər 2021-2026-cı illərdə dünyanın əsas səyahət klublarının
Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci
səfərdir. Səfərlər çərçivəsində beynəlxalq səyyahlar işğaldan azad
edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və
bərpa işləri, həmçinin regionun tarixi və mədəni irsi ilə yerində
tanış olurlar.
Səyyahların proqramına Şuşa və Ağdam şəhərlərinə səfərlər də
daxildir.
xxx
10:16
Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi
Charles Veleyin rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət
heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, səfərdə 13 ölkədən, o cümlədən ABŞ,
Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olmaqla,
ümumilikdə 40-a yaxın səyyah iştirak edir.
Səfər proqramına Azərbaycanın qədim tarixini və mədəni irsini
əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.
Qeyd edək ki, bu, 2021-2026-cı illərdə dünyanın əsas səyyah
klublarının Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi
17-ci səfərdir.
Səfərlər çərçivəsində beynəlxalq səyyahlar işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri
ilə yerində tanış olmaq imkanı əldə edirlər.

