
Bakı. Trend:
“AzerGold” QSC 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo
Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası,
Yenidənqurulması və İnkişafı” – “Rebuild Garabagh” sərgisində
xüsusi stendlə təmsil olunub.
Stenddə Cəmiyyətin 10 illik inkişaf yolu, əsas nailiyyətləri,
ölkə iqtisadiyyatına verdiyi töhfələr və gələcək inkişaf
istiqamətləri təqdim edilib. Həmçinin, işğaldan azad edilmiş
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji
kəşfiyyat işləri, ərazilərin mineral-xammal potensialının
öyrənilməsi və hasilat zonalarında həyata keçirilən sosial
layihələr barədə məlumat verilib.
Sərgi çərçivəsində ziyarətçilərə ilk dəfə virtual reallıq (VR)
texnologiyası vasitəsilə Daşkəsən rayonunda yerləşən Çovdar
İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) virtual səyahət
imkanı yaradılıb. İştirakçılar mədən işlərindən qızıl-gümüş
xəlitəsinin əldə edilməsinədək istehsal prosesinin əsas mərhələləri
ilə tanış olublar. Yekun mərhələdə ərsəyə gətirilmiş sənaye məhsulu
– qızıl-gümüş xəlitəsi də stenddə əyani şəkildə nümayiş
etdirilib.
Stenddə “AzerGold” QSC-nin satış portfelinə daxil olan qızıl və
gümüş məhsulları, eləcə də Azərbaycanın tarixi və mədəni irsini əks
etdirən sikkə kolleksiyaları sərgilənib. Nümayiş olunan nümunələr
arasında Qarabağ kolleksiyasının yeni məhsulu – Kəlbəcərin tarixi
və mədəni irsinə həsr edilmiş qızıl və gümüş sikkələr xüsusi yer
tutub. Kolleksiya sərgi çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim
olunub.
Bununla yanaşı, rəqəmsal və audiovizual materiallar, interaktiv
təqdimatlar, broşür və kataloqlar vasitəsilə ziyarətçilərə
Cəmiyyətin istehsal fəaliyyəti, strateji layihələri və məhsulları
barədə ətraflı məlumat çatdırılıb. Təqdimatlar “AzerGold” QSC-nin
ölkənin dağ-mədən sənayesinin inkişafındakı rolunu və mineral
ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində həyata
keçirdiyi fəaliyyəti əks etdirib.

