
Bakı.Trend:
Azərbaycan və Kamboca iqtisadiyyatı qeyri-neft-qaz sektorlarında
əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdir.
Trend-in tədbirdə
iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu bazar ertəsi
Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda Azərbaycan
nümayəndə heyətinin təmsilçisi Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan son illərdə infrastrukturunu
əhəmiyyətli dərəcədə inkişaf etdirib, iqtisadiyyatını gücləndirib,
beynəlxalq investorlar və biznes nümayəndələri üçün yeni imkanlar
yaradıb.
“Azərbaycan hazırda Avropa ilə Asiyanı birləşdirən mühüm
nəqliyyat, logistika və iqtisadi mərkəz kimi mövqeyini
möhkəmləndirir. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi,
xüsusilə qeyri-neft-qaz sektorlarının inkişafı istiqamətində fəal
iş aparırıq. Hesab edirik ki, Kamboca və Azərbaycan bu sahələrdə
əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdir”, – deyə
o bildirib.
Y.Abdullayev qeyd edib ki, biznes forumunda ticarət və ixrac,
istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm
daxil olmaqla müxtəlif sahələri təmsil edən 80-ə yaxın Azərbaycan
şirkəti iştirak edir.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bank və maliyyə
xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları,
energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su təsərrüfatı
sahələrində fəaliyyət göstərən 12 Kamboca şirkətinin 16
nümayəndəsinin iştirakını da yüksək qiymətləndirir.
“Bu müxtəliflik nikbinlik yaradır, belə ki, iki ölkə arasında
əməkdaşlıq imkanlarının bir və ya iki sahə ilə məhdudlaşmadığını
göstərir”, – deyə o vurğulayıb.
Y.Abdullayev, həmçinin forum çərçivəsində Azərbaycan Ticarət və
Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında anlaşma
memorandumunun mübadiləsinin keçiriləcəyini bildirib.
“Bunu daha sıx institusional əlaqələrin qurulması istiqamətində
mühüm addım hesab edirik. Ümid edirəm ki, forum konkret layihələrin
həyata keçirilməsi və iki ölkə arasında uzunmüddətli işgüzar
tərəfdaşlıqların inkişafı üçün başlanğıc nöqtəsi olacaq”, – deyə o
bildirib.

