Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsiri 2030-cu ildə 12 faizə endiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsirinin
qeyri-neft ÜDM-ə nisbətinin 2030-cu ilin sonuna 12 faizə qədər
azaldılması nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən
Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft
baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin mərhələli şəkildə
azaldılması planlaşdırılır. Bu göstəricinin 2029-cu ilin sonuna 13
faizə, 2030-cu ilin sonuna isə 12 faizə endirilməsi nəzərdə
tutulur.

Bu məqsədlə ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft baza
kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin hər il orta hesabla
2,1 faiz bəndi azalacağı proqnozlaşdırılır.




Qeyd olunur ki, makro-fiskal çərçivənin tətbiqi ortamüddətli
dövrdə makroiqtisadi dayanıqlığın və maliyyə-borc intizamının
qorunmasına, Azərbaycan Respublikası Dövlət Neft Fondunun
aktivlərinin mühafizəsinə, dövlət xərclərinin optimallaşdırılmasına
və səmərəliliyinin artırılmasına xidmət edəcək.

Sənəddə bildirilir ki, “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 14
iyul tarixli 245-VIIQD nömrəli Qanuna əsasən, icmal büdcənin
qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı
həddinin hər il üçün deyil, ortamüddətli dövrün sonuna müəyyən
edilməsi nəzərdə tutulur.

Ortamüddətli makro-fiskal çərçivə fiskal dayanıqlığın təmin
edilməsi ilə yanaşı, qəbul edilmiş və gələcəkdə qəbul olunacaq
strategiyaların və dövlət proqramlarının həyata keçirilməsi üçün
zəruri maliyyə təminatının formalaşdırılmasını da nəzərdə
tutur.

Bu yanaşmanın dövlət maliyyəsinin uzunmüddətli dayanıqlığının
qorunmasına, büdcə resurslarından daha səmərəli istifadəyə və
prioritet istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə imkan
yaradacağı gözlənilir.