Bakı. Trend:
Azərbaycanda dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin
2027–2030-cu illərdə orta hesabla 2,2 faiz təşkil edəcəyi
proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən
Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, dövlət büdcəsi kəsirinin yuxarı həddi 2027-ci
ildə 3 milyard 146 milyon manat, 2028-ci ildə 3 milyard 342 milyon
manat, 2029-cu ildə 3 milyard 554,1 milyon manat, 2030-cu ildə isə
3 milyard 659,5 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsi kəsirinin özəlləşdirmədən daxilolmalar, daxili və
xarici borclanma hesabına əldə edilən vəsaitlər, eləcə də vahid
xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə
tutulur.
Bildirilib ki, bir sıra prioritet sahələr üzrə layihələrin
maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici
borcun cəlb edilməsi istiqamətində müvafiq prosedurlara başlanılıb.
İmzalanacaq borc sazişləri çərçivəsində kredit vəsaitlərinin cəlb
edilməsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsində bu
mənbənin payının artmasına səbəb olacaq.
Yeni makro-fiskal çərçivənin hədəflərinə uyğun olaraq,
uzunmüddətli dövrdə daxili və xarici borclanmadan təsdiq edilmiş
limitlər çərçivəsində istifadə olunması planlaşdırılır. Bu məqsədlə
dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası
vasitəsilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsi diqqət
mərkəzində saxlanılacaq.
Sənəddə, həmçinin icmal büdcə kəsirinin əhəmiyyətli dərəcədə
azalacağı proqnozlaşdırılır. Belə ki, 2027-ci ildə 2 milyard 757,9
milyon manat nəzərdə tutulan icmal büdcə kəsirinin 2030-cu ildə
442,2 milyon manata enəcəyi gözlənilir.

