Bakı. Trend:
Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafının
dəstəklənməsi, vergi bazasının genişləndirilməsi və dövlət
maliyyəsinin səmərəliliyinin artırılması ortamüddətli dövrdə fiskal
dayanıqlığın gücləndirilməsinə imkan verəcək.
Bu barədə Maliyyə Nazirliyinin 2027–2030-cu illəri əhatə edən
Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, qeyri-neft-qaz ÜDM-in artım tempində mümkün
dəyişikliklərin büdcə gəlirlərinə və fiskal göstəricilərə təsirini
qiymətləndirmək məqsədilə müxtəlif ssenarilər hazırlanıb. Bu
ssenarilər iqtisadi artım tempinin baza proqnozundan müsbət və
mənfi istiqamətlərdə 0,5, 1,0, 1,5 və 2,0 faiz bəndi kənarlaşmasını
əhatə edir.
Qiymətləndirmələr göstərir ki, qeyri-neft-qaz sektorunda
iqtisadi artımın dinamikası büdcə gəlirlərinin formalaşmasında,
qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətində və icmal
büdcənin balansında mühüm rol oynayır. Bu baxımdan, iqtisadi
artımın dəstəklənməsi və vergi potensialından səmərəli istifadə
fiskal dayanıqlığın qorunmasının əsas istiqamətlərindəndir.
Sənəddə əks olunan proqnozlara görə, qeyri-neft baza kəsirinin
qeyri-neft ÜDM-ə nisbətinin ortamüddətli dövrdə azalma
istiqamətində dəyişməsi gözlənilir. Qrafikə əsasən, bu göstərici
2022-ci ildə təxminən 22,4 faiz, 2023-cü ildə 22,2 faiz, 2024-cü
ildə 20 faiz, 2025-ci ildə 18,7 faiz, 2026-cı ildə isə 18,2 faiz
səviyyəsində olub. Baza ssenarisində göstəricinin 2027-ci ildə
təxminən 17,5 faizə, 2028-ci ildə 14,3 faizə, 2029-cu ildə 12 faizə
və 2030-cu ildə 10,5 faizə qədər azalacağı nəzərdə tutulur.
Eyni zamanda, 2027-ci ildə qeyri-neft-qaz ÜDM-in artım tempinin
baza ssenarisindən fərqlənməsi nəticəsində qeyri-neft baza
kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3–1,2 faiz bəndi
intervalında dəyişə biləcəyi proqnozlaşdırılır.
Bu istiqamətdə əsas tədbirlərdən biri vergi bazasının
genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və
vergi ödəyicilərinin əhatəsinin artırılması olacaq. Həmçinin
ortamüddətli fiskal konsolidasiyanın davam etdirilməsi nəzərdə
tutulur. Bu tədbirlər iqtisadi aktivliyin və vergi daxilolmalarının
artımına dəstək verməklə büdcə gəlirlərinin dayanıqlı
formalaşmasına şərait yarada bilər.
Bununla yanaşı, dövlət müəssisələrinin fəaliyyətinin
səmərəliliyinin artırılması, subsidiyaların optimallaşdırılması,
tənzimlənən qiymətlərin rolunun mərhələli şəkildə azaldılması,
eləcə də dövlət müəssisələrində idarəetmə və açıqlama
standartlarının təkmilləşdirilməsi planlaşdırılır.
Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, qeyd olunan
tədbirlər dövlət maliyyəsi üzərində potensial yükün azaldılmasına,
rəqabət mühitinin yaxşılaşdırılmasına və qeyri-neft iqtisadi
artımının dəstəklənməsinə xidmət edəcək. Bununla da iqtisadi artım
tempində mümkün dəyişikliklərin fiskal göstəricilərə təsirinin
məhdudlaşdırılması və ortamüddətli dövrdə maliyyə dayanıqlığının
qorunması hədəflənir.

