Azərbaycanda qeyri-işlək kreditlərin həcmi 954 milyon manata çatıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin birinci yarısında Azərbaycanda qeyri-işlək
kreditlərin (QİK) həcmi 25 faiz və ya 191 milyon manat artaraq 954
milyon manata çatıb. Nəticədə, qeyri-işlək kreditlərin ümumi kredit
portfelində payı 0,5 faiz bəndi artaraq 3 faiz təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə
Sabitliyi Hesabatı”nda bildirilib.

Hesabata əsasən, qeyri-işlək kreditlərin artımı biznes, istehlak
və ipoteka kreditləri üzrə müvafiq olaraq 128 milyon manat, 58
milyon manat və 5 milyon manat təşkil edib.

AMB qeyd edib ki, aparılan təhlillər qeyri-işlək kredit
portfelində artımın fərdi müştərilərlə bağlı olduğunu və sistem
riski xarakteri daşımadığını göstərir.

Bildirilib ki, mümkün kredit risklərinin qarşılanması üçün bank
sektorunda kifayət qədər ehtiyat yaradılıb. Belə ki, kreditlər üzrə
mümkün zərərlərin ödənilməsi məqsədilə formalaşdırılmış
ehtiyatların həcmi 1,93 milyard manat təşkil edir. Bu məbləğ
qeyri-işlək kredit portfelinin həcmindən təxminən iki dəfə
çoxdur.

Xüsusilə istehlak kreditləri üzrə yaradılmış məqsədli
ehtiyatların həcmi 1,37 milyard manata çatıb. Bu, həmin kreditlər
üzrə qeyri-işlək kreditlərin məbləğindən təxminən 3,8 dəfə çoxdur.
Hesabatda qeyd olunub ki, bu göstəricilər bank sektorunun potensial
kredit risklərini qarşılamaq imkanına malik olduğunu göstərir.

2026-cı ilin birinci yarısında bank sektorunda 62 milyon manat
məbləğində kredit silinməsi həyata keçirilib. Silinmələrin 92 faizi
və ya 57 milyon manatı istehlak kreditlərinin, 8 faizi və ya 5,1
milyon manatı isə biznes kreditlərinin payına düşüb.

Biznes kreditləri üzrə vəziyyət

Hesabat dövründə biznes kreditləri portfelinin 3,2 faizi
qeyri-işlək statusunda olub. İlin əvvəli ilə müqayisədə biznes
kreditləri üzrə qeyri-işlək portfelin həcmi 30 faiz artaraq 557
milyon manata çatıb. Bu seqmentdə QİK əmsalı 0,5 faiz bəndi
yüksələrək 3,2 faiz təşkil edib.

Qeyri-işlək biznes kreditlərinin artımı əsasən ticarət və xidmət
sektorlarında müşahidə olunub. AMB-nin təhlillərinə görə, bu
seqmentdə də artım fərdi müştərilərlə bağlıdır və sistem xarakteri
daşımır.




İpoteka kreditləri üzrə QİK əmsalı 0,7 faiz olub

2026-cı ilin birinci yarısında ipoteka kreditləri üzrə
qeyri-işlək portfelin həcmi 17,4 faiz və ya 5,1 milyon manat
artaraq 34,2 milyon manata çatıb. İpoteka portfelində qeyri-işlək
kreditlərin payı isə 0,1 faiz bəndi artaraq 0,7 faiz təşkil
edib.

Dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə QİK
əmsalı 0,2 faiz, bankların öz vəsaitləri hesabına verilmiş ipoteka
kreditləri üzrə isə 1,5 faiz olub.

İstehlak kreditləri üzrə qeyri-işlək portfel 363 milyon manata
yüksəlib

Hesabatda istehlak kreditləri üzrə risklərin davamlı monitorinq
olunduğu bildirilib. 2026-cı ilin birinci yarısında bu kreditlər
üzrə qeyri-işlək portfelin həcmi 19,1 faiz və ya 58 milyon manat
artaraq 363 milyon manata çatıb. QİK əmsalı isə 0,4 faiz bəndi
yüksələrək 3,7 faiz olub.

AMB-nin qiymətləndirməsinə əsasən, istehlak kreditləri
portfelinin artımı əsasən borcun gəlirə nisbəti (BGN) 45 faizdən
aşağı olan kreditlər hesabına təmin edilib. Eyni zamanda, BGN
göstəricisi 45 faizdən yuxarı olan kreditlərin portfeldə payı
azalıb.

Belə ki, 2026-cı ilin birinci yarısına olan məlumata görə,
istehlak kreditləri portfelinin 37 faizi BGN göstəricisi 45 faizdən
yuxarı olan kreditlərdən ibarət olub. Bu, 2025-ci ilin sonu ilə
müqayisədə 1 faiz bəndi azdır.

Hesabat dövründə BGN göstəricisi 45 faizdən aşağı olan istehlak
kreditlərinin həcmi 6,2 milyard manat, 45 faizdən yuxarı olan
kreditlərin həcmi isə 3,7 milyard manat təşkil edib.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, istehlak kreditləri
portfelinin artımında BGN göstəricisi 45 faizdən aşağı olan
kreditlərin üstünlük təşkil etməsi daha sağlam və məsuliyyətli
kreditləşmə dinamikasını əks etdirir.