Azərbaycanda inflyasiyanın 2030-cu ildə 4,3 faizə enəcəyi gözlənilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda orta illik inflyasiyanın 2030-cu ildə 4,3 faizə
enəcəyi, əsas kapitala investisiyaların isə 28,4 milyard manata
çatacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən
Ortamüddətli Xərclər Çərçivəsində əksini tapan makroiqtisadi
proqnozlarda bildirilib.

Proqnozlara əsasən, 2026-cı il üçün 5,7 faiz səviyyəsində
nəzərdə tutulan orta illik inflyasiyanın 2027-ci ildə 5,3 faizə,
2028-ci ildə 4,8 faizə, 2029-cu ildə 4,6 faizə, 2030-cu ildə isə
4,3 faizə qədər azalacağı gözlənilir.

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan proqnozlarda cari
ilin ötən dövründə qeydə alınmış faktiki inflyasiya səviyyəsi,
dünya bazarlarında əmtəə və ərzaq qiymətlərinin nisbətən aşağı
düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv
məzənnə indeksinin dinamikası, məzənnənin sabit qalması fərziyyəsi,
eləcə də tənzimlənən mal və xidmətlərin tariflərindəki
dəyişikliklərin təsirləri nəzərə alınıb.

Sənədə əsasən, 2027–2030-cu illərdə manatın ABŞ dollarına qarşı
məzənnəsinin cari ilin səviyyəsində sabit qalacağı fərz edilir.

Bununla yanaşı, ortamüddətli dövrdə əsas kapitala
investisiyaların artacağı proqnozlaşdırılır. Belə ki, ümumi
investisiyaların həcminin 2027-ci ildə 25,4 milyard manat, 2028-ci
ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu
ildə isə 28,4 milyard manat olacağı gözlənilir.




İnvestisiyaların strukturunda qeyri-neft-qaz sektorunun payının
artacağı ehtimal edilir. Bu sektora yönəldilən investisiyaların
2027-ci ildə 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat,
2029-cu ildə 19,7 milyard manat, 2030-cu ildə isə 20,9 milyard
manat təşkil edəcəyi proqnozlaşdırılır.

Neft-qaz sektoruna investisiyaların isə 2027-ci ildə 8 milyard
manat, 2028-ci ildə 8,3 milyard manat, 2029-cu ildə 8,2 milyard
manat olacağı, 2030-cu ildə isə 7,5 milyard manata enəcəyi
gözlənilir.

Proqnozlara görə, əhalinin nominal gəlirləri və xərcləri də
artmaqda davam edəcək. 2025-ci ildə 89,9 milyard manat təşkil edən
əhalinin gəlirlərinin 2026-cı ildə 98,6 milyard manata, 2027-ci
ildə 107,5 milyard manata, 2028-ci ildə 116,5 milyard manata,
2029-cu ildə 126,7 milyard manata və 2030-cu ildə 137 milyard
manata yüksələcəyi gözlənilir.

Əhalinin xərclərinin isə 2025-ci ildəki 88,1 milyard manatdan
2026-cı ildə 96,4 milyard manata, 2027-ci ildə 105,1 milyard
manata, 2028-ci ildə 113,9 milyard manata, 2029-cu ildə 123,9
milyard manata və 2030-cu ildə 134,1 milyard manata çatacağı
proqnozlaşdırılır.

Beləliklə, proqnozlaşdırılan dövrdə əhalinin nominal
gəlirlərinin xərclərini üstələməsi gözlənilir. 2030-cu ildə
gəlirlərlə xərclər arasındakı fərqin 2,9 milyard manat təşkil
edəcəyi ehtimal olunur.