Azərbaycan–İsrail münasibətləri məqsədli şəkildə təhrif olunur – AÇIQLAMA

Baş səhifə

İlk növbədə, Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə
təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və
bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi
cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikası İsraillə
beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan
normal dövlətlərarası münasibətlərə malikdir.

Bu barədə Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti Türkiyə
Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf
Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən ölkəmizlə
bağlı səsləndirilmiş fikirlərinə münasibətində qeyd edilib.

Qeyd olunub ki, Azərbaycanın Fələstin məsələsində mövqeyi isə
ardıcıl, aydın və prinsipialdır.

“Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş,
Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir. Fələstin
Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif
vaxtlarda Azərbaycanda səfərdə olmuşlar. Fələstin Dövlətinin
Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin
maliyyə dəstəyi ilə təmin olunur.

Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq
tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin
beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi
Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə “iki dövlət”
prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş
verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki
əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır”, – açıqlamada
bildirilib.