Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər aidiyyəti
beynəlxalq müqavilələr üzrə öhdəliklərinə sadiqdir.

Bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü
komitəsinin işgəncələrə qarşı komitənin və işgəncələrin və digər
qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın
qarşısının alınması üzrə alt komitənin sədrləri ilə interaktiv
dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin
birinci katibi Şəhriyar Hacıyev deyib.

Birinci katib qeyd edib ki, Azərbaycanda işgəncələrin qarşısının
alınmasının mühüm sütunları kimi insan hüquqları üzrə təlimlər və
maarifləndirmə tədbirləri hüquq-mühafizə orqanlarının müxtəlif
bölmələri üçün mütəmadi olaraq həyata keçirilir.

“Azərbaycan öz milli qanunvericiliyinə və beynəlxalq
öhdəliklərinə uyğun olaraq keçmiş münaqişə zamanı törədilmiş ağır
cinayətləri, xüsusən də mülki şəxslərə və digər müdafiə olunan
şəxslərə qarşı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan
rəftarla bağlı cinayətləri istintaq etmək və cinayət təqibini
həyata keçirmək üçün qətiyyətli addımlar atıb”, – diplomat
vurğulayıb.

“Sonda qeyd edim ki, cəzasızlıqla mübarizə əsl barışığa aparan
yolun mühüm tərkib hissəsidir və eyni zamanda, dəhşətli əməllərin,
xüsusən də işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı
əhatə edən əməllərin təkrarlanmasının qarşısını almağa kömək edir”,
– Ş. Hacıyev bildirib.