
Bakı. Trend:
Azərbaycanın təşəbbüsü ilə keçirilən 13-cü Ümumdünya Şəhərsalma
Forumunun əsas nəticələrindən biri olan Bakı Fəaliyyətə Çağırışı
qlobal mənzil böhranına qarşı təcili, əlaqələndirilmiş və
qətiyyətli tədbirlərin görülməsini, eləcə də Yeni Şəhər
Gündəliyinin 2036-cı ilədək icrasının sürətləndirilməsini nəzərdə
tutur.
Bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Elvin
Əşrəfzadə BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin həyata
keçirilməsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat)
gücləndirilməsi məsələlərinə həsr olunmuş müzakirələrdə çıxışı
zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə
birgə təşkil etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13)
qlobal mənzil böhranını beynəlxalq şəhərsalma siyasəti üzrə
dialoqun mərkəzinə gətirib. Bildirilib ki, forumda 176 ölkədən
nümayəndələr iştirak edib, ilk dəfə nazirlər görüşü və liderlər
sammiti keçirilib.
Elvin Əşrəfzadə vurğulayıb ki, BMT Baş katibinin hesabatında da
Bakı Fəaliyyətə Çağırışının əhəmiyyəti xüsusi qeyd olunub.
Azərbaycan nümayəndəsi ölkənin hamı üçün adekvat mənzil təminatı
üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupuna həmsədrlik
etdiyini də diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan əlçatan,
münasib qiymətli və dayanıqlı mənzil təminatını inklüziv şəhər
inkişafının əsas şərtlərindən biri hesab edir.
Çıxışda diplomat Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin müasir,
dayanıqlı və insan mərkəzli şəhər inkişafına verilən önəmi əks
etdirdiyini bildirib.
Elvin Əşrəfzadə işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən Böyük Qayıdış proqramına da toxunaraq, Azərbaycanın bu
ərazilərdə inteqrasiya olunmuş şəhərsalma planlaşdırılması və
dayanıqlı yaşayış məntəqələrinin yaradılması istiqamətində
fəaliyyətini davam etdirdiyini vurğulayıb.
“Bizim təcrübəmiz şəhərsalma planlaşdırılmasının infrastruktur,
dayanıqlılıq, mənzil təminatı və icmaların ehtiyacları ilə
əlaqələndirilməsinin vacibliyini bir daha təsdiqləyir. İnanırıq ki,
bu təcrübələrin Ümumdünya Şəhərsalma Forumu kimi platformalar
vasitəsilə paylaşılması qlobal öhdəliklərin praktik həllərə
çevrilməsinə kömək edə bilər”, – deyə diplomat qeyd edib.
Azərbaycan nümayəndəsi, həmçinin BMT Baş Assambleyasının Yeni
Şəhər Gündəliyinin icrasının sürətləndirilməsinə dair siyasi
bəyannaməni qəbul etməsini alqışlayıb. O, beynəlxalq öhdəliklərin
milli və yerli səviyyədə konkret nəticələrə çevrilməsinin, eləcə də
UN-Habitat-ın fəaliyyət imkanlarının gücləndirilməsinin vacibliyini
diqqətə çatdırıb.

